Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
olunub.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə əsas müzakirə olunan məsələ
ölkədə yaranmış vəziyyət olub. Çıxışlarda ölkədə özbaşınalığının görünməmiş
həddə çatdığı, vətəndaşların müraciətlərinə məhəl qoyulmaması, bu vəziyyətə görə
İlham Əliyevin məsuliyyət daşıdığı xüsusi vurğulanıb. İqtisadi böhran
dərinləşdikcə qiymətlər sürətlə qalxır, bir sıra büdcə təşkilatlarında maaşlar
aylarla verilmir. Dövlətin vətəndaşların əmlak hüquqlarını pozması halları
getdikcə çoxalır. Bakıda salınacaq “Qış Parkı”nın ərazisində yaşayan sakinlərə
əmlaklarının real dəyərinə adekvat kompensasiya verilməməsi də bu halların
sırasına qoşulub. Divan yaranmış vəziyyətdən dərin narahatlığını bildirib və
hakimiyyətdən qeyd olunan sahələrdə qayda-qanun yaratması tələb olunub.
İranda Azərbaycan bayrağının yandırılması, ölkəmizə qarşı həqarətli çağırışlar
edilməsi və bu ölkənin Ermənistandakı səfirinin Qarabağla bağla destruktiv
çıxışı kəskin şəkildə pislənilib.
Toplantıda partiya başqanı İsa Qəmbər Divan üzvlərini Ukraynada azad və ədalətli
seçkilər keçirdiyi üçün Viktor Yuşşenkoya göndərdiyi təbrik məktubu ilə tanış
edib.
Xocalı soyqırımının ildönümü ilə bağlı fevralın 26-da saat 11:00-da həmin
faciənin qurbanlarının xatirə abidəsinin ziyarət edilməsi qərara alınıb.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 22 fevral 2010-cu il, Bakı