Ceyk Consla görüş
Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında ABŞ-ın
Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri cənab Ceyk Consla
görüşüb. Cənab Cons İsa Qəmbərlə görüşündə bu ilin martın 31-də Beynəlxalq
Respublikaçılar İnstitutunun Bakı ofisinin Azərbaycanda fəaliyyətini
dayandıracağı haqda məlumat verib.
Müsavat Başqanı Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin ölkəmizdə
fəaliyyətinin dayandırılmasından təəssüfləndiyini və ABŞ-Azərbaycan əlaqələrinin
möhkəmlənməsi, eləcə də demokratiya və azadlıqlarla bağlı problemlərin diqqətdə
saxlanılması baxımından beynəlxalq demokratik təşkilatların Bakıda fəaliyyətinin
məhdudlaşdırılmasının deyil, genişləndirilməsinin məqsədəuyğun olduğunu
bildirmişdir.
Görüşdə iştirak edən tərəflər məsləhətləşmələrin və Müsavat Partiyası ilə
BRİ-nin əməkdaşlığının yeni gerçəklikdə davam etdirilməsi istiqamətləri barədə
fikirlərini bildiriblər.
isagambar.az, 22 fevral 2010-cu il, Bakı