“AXCP-Müsavat” siyasi partiyalar blokunun bəyanatı
“AXCP-Müsavat” siyasi partiyaların bloku bildirir ki, indiki parlament
seçkilərinin başlamasından qısa vaxt keçməsinə baxmayaraq, passiv seçki
hüququnun həyata keçirilməsində artıq müəyyən əngəllər yaradılır. Belə maneələr
xüsusən siyasi partiyaların blokundan irəli sürülən namizədlərə imza
vərəqələrinin verilməsi ilə bağlı məhdudiyyətlərdə özünü göstərir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 55-ci maddəsinə əsasən bütün
namizədlər bərabər hüquqa malikdir və bərabər vəzifələr daşıyırlar. Həmin
Məcəllənin 59-cu maddəsinə əsasən müvafiq seçki komissiyası bu Məcəllə ilə
müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin imza vərəqələrində olan
məlumatların düzgünlüyünü və namizədlərin irəli sürülməsi prosedurunun bu
Məcəllənin tələblərinə uyğunluğunu yoxlayır.
Seçici imzalarını toplama prosesində imza vərəqələrində texniki və obyektiv
səhvlərin olması qaçılmazdır. Ona görə də qanunla müəyyən olunmuş 450 imzadan
artıq imza toplanmasını zəruridir. Dairə seçki komissiyaları tərəfindən imza
vərəqələrinin verilməsinin sayı ilə bağlı Seçki Məcəlləsində və ya təlimatlarda
qadağa qoyulmayıb. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının
71-ci maddəsinin 9-cu bəndinə əsasən hər kəs qanunla qadağan olunmayan
hərəkətləri edə bilər. Namizədlərə əlavə imza vərəqələrinin verilməsi Seçki
Məcəlləsində və ya təlimatlarda qadağa qoyulmadığı halda, bəzi namizədlərə əlavə
və kifayət qədər imza vərəqələri verilməmişdir. Belə ki, 2 saylı Şərur seçki
dairəsində 9 imza vərəqəsi (cəmi 450 imza üçün), 26 saylı Sabunçu birinci, 89
saylı Göyçay-Ağdaş, 95 saylı Tərtər seçki dairələrində 10 imza vərəqəsi verilib.
Bununla da namizədlər barəsində Konstitusiyanın 71-ci, Seçki Məcəlləsinin 55-ci
maddəsinin tələbləri kobud şəkildə pozulub.
“AXCP-Müsavat” siyasi partiyaların bloku hesab edir ki, dairə seçki
komissiyalarının blokun namizədlərinə belə münasibəti məqsədli xarakter daşıyır
və həmin namizədlərin qeydə alınmasında süni problemlərin yaranmasına xidmət
edir. Namizədlərin qeydə alınmasının alternativ variantı kimi seçki girovunun
(qeydiyyat depozitinin) ləğv edildiyi indiki halda bu cür qanusuzluq “zəruri
sayda seçici imzalarının toplanmaması” bəhanəsi ilə blokun namizədlərinin
qeydiyyatında ciddi problemlərin yaradılacağı ehtimalını gücləndirir.
“AXCP-Müsavat” siyasi partiyaların bloku bundan ciddi narahatlığını ifadə edərək
bəyan edir ki, belə bir hal indiki seçkilərdə namizədlərin bərabər imkanlar
prinsipinin kobud şəkildə pozulmasıdır.
“AXCP-Müsavat” siyasi partiyaların bloku siyasi hakimiyyəti bərabər rəqabət
imkanlarını əsaslı şəkildə məhdudlaşdıran və seçkilərin qanuniliyini indidən
şübhə altına alan belə arzuolunmaz halın dərhal aradan qaldırılmasını tələb
edir.
isagambar.az, 22 sentyabr 2010-cu il, Bakı