Növbəti toplantı

Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər və parlament seçkilərinə hazırlığın gedişi müzakirə edilib.

Arif Hacılı və Arzu Səmədbəyli Şəki şəhərində qonşu rayon təşkilatlarının da iştirakı ilə keçirilən zona müşavirəsi barədə məlumat veriblər.

Yığıncaqda daşqınlarla bağlı fəlakət zonasındakı vəziyyət müzakirə edilib. Toplanmış informasiyalar və mütəxəssis rəyləri əsasında durum bir daha dəyərləndirilib. Fəlakətin qarşısının alınması üçün məsələnin diqqətdə saxlanılması zərurəti və Müsavat Partiyasının imkan daxilində hər cür köməklik etməyə hazır olması bir daha bəyan edilib.
 
Daha sonra kütləvi aksiyalar haqqında məsələ müzakirə edilib. Müsavat Partiyasının kütləvi aksiyalar keçirməkdə israrlı olduğu qeyd edilərək etiraz aksiyasının iyun ayının birinci ongünlüyündə hədəfləndiyi bildirilib. Divanın növbəti toplantısında vəziyyəti bir daha dəyərləndirərək mitinqin günü haqqında qərar vermək qərara alınıb.
28 May Cümhuriyyət gününün qeyd edilməsi ilə bağlı fikir mübadiləsi davam etdirilib. Əvvəlcədən qərara alındığı kimi DUİ ilə birlikdə mayın 28-də, saat 14:00-da Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram tədbiri keçirilməsi istiqamətində tapşırıq və tövsiyələr verilib.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 24 may 2010-cu il, Bakı