Müsavat Partiyasının Bəyanatı
Parlament seçkilərini total saxtakarlıqla keçirən hakimiyyət seçkilərdən sonra
ölkədə müxalifəti və müxalif fikirli insanları susdurmaq üçün ardıcıl
repressiyalara başlayıb. Şərur rayonunda deputatlığa namizəd Səxavət Əliyevin
qardaşı Sabit Əliyev qeyri-qanuni olaraq həbs edilib və bir həftə həbsdə
saxlanılandan sonra sərbəst buraxılsa da, ona qarşı təqiblər səngimir. Müsavat
Partiyası Şahbuz rayon təşkilatının sədri Məmmədqulu Əliyev və onun oğlu orta
məktəb müəllimi vəzifəsindən azad ediliblər. M. Əliyev hazırda buna etiraz
edərək aclıq aksiyası keçirir. Göyçaydan müstəqil namizəd kimi seçkiyə qatılmış
vəkil Vidadi İsgəndərovun özünə və ailə üzvlərinə təzyiqlər edilir, onu
seçkilərdə sərgilədiyi mövqeyə görə cəzalandırmaq istəyirlər.
Müsavat Partiyası bu qanunsuzluqları, təqib və təzyiq kampaniyasını yuxarıdan
verilmiş siyasi sifarişin nəticəsi kimi qiymətləndirir və bütün bunlara son
qoyulmasını tələb edir. Partiya habelə bəyan edir ki, bu cür repressiv
metodlarla xalqı və müxalifəti susdura bilməyəcəklər.
isagambar.az, 24 noyabr 2010-cu il, Bakı