Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
olunub.
M. Ə. Rəsulzadənin anadan olmasının 126-cı ildönümü münasibəti ilə yanvarın
31-də, saat 12:00-da onun Novxanı qəsəbəsindəki abidəsi önündə keçiriləcək
tədbir haqqında müzakirə aparılıb və konkret tapşırıqlar verilib.
Müxalifətdaxili əməkdaşlıqla bağlı təkliflərin dəyərləndirilməsi və bu yöndə
atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb.
Qarabağ danışıqları da müzakirə edilən məsələlər arasında olub. Dövlət
başçılarının Soçi görüşü haqda ilkin rəylər səsləndirilib. Son vaxtlar
Azərbaycan siyasi rəhbərliyinin birmənalı Rusiyameylli mövqe tutması və
hakimiyyətyönlü KİV-lərdə bu istiqamətdə təbliğat aparılması narahatlıqla
qarşılanıb.
Gürcüstanda doğulmuş Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi alarkən,
dəyişdirərkən və ya qeydiyyata düşərkən onlara ciddi maneələr yaradılması
haqqında müzakirə aparılıb. Bu məsələnin hərtərəfli araşdırılması qərara alınıb.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 26 yanvar 2010-cu il, Bakı