MÜXALİFƏT İLHAM ƏLİYEVİN İSTEFASINI TƏLƏB ETDİ
Müsavat Partiyasında toplaşanlar iqtidarı topa tutdular; istefa tələbini reallaşdırmaq üçün hərəkətə keçildiyi elan olundu

Dünən Müsavat Partiyasının qərargahında “Əliyevlərin Dubay mülkləri” mövzusunda müxalifət partiyalarının və ziyalıların iştirakı ilə dəyirmi masa keçirildi. Tədbirin aparıcısı Müsavat Partiyasının başqanı İsa Qəmbər ictimai rəyin problemlə bağlı düzgün məlumatlandırılmasını təmin etmək və mövcud vəziyyətdə xalqın, demokratik ictimaiyyətin bu istiqamətdə nələri etməli olduğu barədə məsləhətləşmək üçün dəyirmi masanı təşkil etdiklərini bildirdi: “Mövzu kifayət qədər həssas mövzudur. Çünki Azərbaycan kimi çətin və böyük problemlərin məngənəsində olan bir məmləkətdə, torpaqlarının bir hissəsi işğal altında olan, yüz minlərlə qaçqını olan, müdhiş bir işsizlik səviyyəsi olan ölkədə, maaşların, pensiyaların normal dolanmağa imkan vermədiyi bir dönəmdə dövlət başçısı İlham Əliyevin Dubayda 11-12 yaşlı oğlu üçün 44 milyon dollar həcmində mülklər alması faktı ortaya çıxıb.

Bunu ”The Washington Post" kimi dünyanın birinci üçlüyünə daxil olan qəzet yazıb. Bu cür qəzetlər hər hansı bir faktı ortalığa çıxarmazdan əvvəl hərtərəfli araşdırmalar aparır. Əslində bu fakt öz-özlüyündə şok effekti yaratsa da ölkəmizdə dəhşətli bir korrupsiya şəbəkəsinin yaranması heç kimə sirr deyil. Bu korrupsiya şəbəkəsinin başında da dövlət başçısının dayanması heç kim üçün sirr deyil. Aydın məsələdir ki, Dubayda alınan 75 milyonluq mülklər bu dövlət başçısının korrupsiya ilə topladığı sərvətinin çox cüzi bir hissəsidir. Burada dənizdə bir damladan söhbət gedir.

Ancaq eyni zamanda dənizdəki bu damla problemlər məngənəsində olan Azərbaycan üçün həddən artıq böyük bir məbləğdir. Bu məbləğlə Azərbaycanın bir çox problemlərini həll etmək, ayrı-ayrı təbəqələrin maaşlarını, pensiyalarını əhəmiyyətli dərəcədə artırmaq olar. Bu məbləğlə ordunu əhəmiyyətli dərəcədə gücləndirmək olar. Hazırda dünya bazarında tankların qiyməti tutaq ki, 1-2 milyon dollar civarındadır. Ən müasir tankların qiyməti 5 milyon dollardan aşağıdır. Bu gün ordumuzda zabitlərin maaşı onların normal yaşayışına imkan vermir. Zabitlərimizin maaşını əhəmiyyətli dərəcədə yüksəltmək mümkündür. Bu günlərdə bir gənc alimin mətbuatda yazısını oxuduq ki, bu adam 90 manat maaşla yaşayır. 75 milyon dollarla Azərbaycanda bütün alimlərin maaşını ciddi şəkildə artırmaq mümkündür. 44 milyon dollar Azərbaycanda elmin inkişafına bir ildə ayrılan pulun yarısıdır. Gerçək budur ki, Dubayda mülklər almağa sərf edilən həmin pullar İlham Əliyevin pulları deyil. Bu, Azərbaycan xalqının puludur. O mülklər Azərbaycan xalqından oğurlanmış pulların hesabına alınıb".

İ.Qəmbər vurğuladı ki, bu məsələyə prinsipial mövqe bildirilməsi həddən artıq önəmlidir: “Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi qüvvələr, ekspertlər artıq buna münasibət bildirib. Hesab edirəm ki, bu prinsipial münasibəti bizim daha çox qüvvədən gözləməyə əsasımız, haqqımız var. Eyni zamanda hakimiyyətin bu faktı inkar etməməsi, dolayısı yolla təsdiq etməsi, sonra da gülünc bəhanələrlə müdafiə eləməyə çalışması da diqqətdən yayınmamalıdır. Bu faktlara, saxta arqumentlərə də diqqətdən yayınmamalıdır. Guya İlham Əliyevin öncələr çox ciddi biznesinin olması barədə arqumentlər gətirirlər. Heç bir məntiqə sığmayan arqumentdir. Ən azı bu adam bir neçə dəfə parlamentə, bir neçə dəfə də prezidentliyə namizəd olub. Namizədliyini irəli sürərkən öz mülkiyyəti haqqında rəsmi məlumat hazırlayıb və imzalayıb Mərkəzi Seçki Komissiyasına təqdim edib. Və biz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gələrkən xalqa şikayətlənməsini də unutmamışıq ki, onun yalnız bir kostyumu və həddən artıq çətin həyat şəraiti varmış. Yəni bu faktlar hamısı yaddadır. Mən hesab edirəm ki, bu hakimiyyətdən izahat tələb edilməsi, əgər inandırıcı izahat yoxdursa, dövlət başçısının istefa verməsi barədə tələb tamamilə haqlı olaraq gündəmə çıxıb. Bu tələbin reallaşması demokratik qüvvələrin əsas hədəflərindən birinə çevrilməlidir. Və bu istiqamətə çox ciddi işlər görülməli, yalnız sözdə deyil konkret tədbirlərlə, əməli fəaliyyətlə gerçəkləşdirilməyə çalışılmalıdır. Müsavat Partiyası bu yöndə fəaliyyət göstərmək haqqında qərarlarını artıq qəbul edib. Bəzi digər qüvvələrin də qərarları bəllidir. Biz bugünkü tədbirə yalnız burada iştirak edən bəyləri deyil, təxminən burada iştirak edənlərdən bir neçə dəfə çox digər siyasiləri, ekspertləri, cəmiyyətdə cəsarətli mövqe sərgilədikləri barədə görüntü yaratmağa çalışan bir çox insanları da dəvət etmişik. İstər onların, istərsə də burada iştirak edən hörmətli qonağımızın bu mövzuda fikirlərini eşitmək istərdik. İnanıram ki, sonda ortaq mövqe əldə eləməyimiz tamamilə realdır”.

Müsavat Divanının üzvü, iqtisadçı-ekspert Qubad İbadoğlu mövzu ilə bağlı ortaya çıxan iqtisadi və hüquqi məsələlərdən, məsuliyyətdən danışdı: “Azərbaycanda 1 milyon 300 min pensiyaçı var. Orta pensiya məbləği hökumətin hesabatında deyilir ki, 104 manatdır. Bu, o deməkdir ay ərzində Sosial Müdafiə Fondundan pensiyalar üçün 140 milyon manat xərclənir. 75 milyon dollar vəsait imkan verir ki, bütün pensiyaların məbləğində əhəmiyyətli dəyişikliklər edilsin. Dövlət büdcəsindən il ərzində elmə ayrılan vəsaitin həcmi 98 milyon manatdır. Belə müqayisələri çox apara bilərik. Biz ortaya çıxan fakta həm iqtisadi, həm də hüquqi qiymət verməliyik. Hüquqi qiymət çox önəmlidir. Təkcə seçki qanunvericiliyində nəzərdə tutulmuş normalar bu faktla ciddi şəkildə pozulur. Seçki Məcəlləsində 58-ci maddənin tələbləri var. Keçirilən seçkilərdə hər bələdiyyə üzvlüyünə, deputatlığa, prezidentliyə namizəd öz gəlirlərinin mənbəyi, növü, məbləği barədə rəsmi müəyyən olunmuş formanı doldurmaqla məlumat verməlidir. Əgər məlumat düzgün deyilsə və ya düzəlişə ehtiyacı varsa, 48 saat ərzində düzəldilməlidir. Eyni zamanda qanunun tələbinə görə, namizəd mülkiyyəti, əmlakı barədə də rəsmi məlumat verməlidir. Həm 2003, həm 2008-ci il prezident seçkilərində prezidentliyə namizədlərin illik gəliri və əmlakı barədə forma var. 2003-cü il seçkiləri ilə bağlı deyə bilərəm ki, sözügedən sənəddə İlham Əliyevin yalnız bir əmlakının olduğu yazılırdı. İlham Əliyevin gəliri haqqında konkret rəqəm yazılıb. Qeyd olunan gəlirlər dəyəri on milyonlarla dollar olan mülklər almağa imkan vermir. Yüksək vəzifə tutan şəxslərin biznes fəaliyyətini isə qanun qadağan edir. Yüksək vəzifə tutan şəxslərin bizneslə məşğul olması hüquqi məsuliyyət yaradır. Yüksək vəzifəli şəxsin dəyəri 55 manatdan yuxarı olan hədiyyə qəbul etməsi də qanunda məsuliyyət nəzərdə tutur. Xaricdə mülklərin alınması məsələsi vergi nöqteyi-nəzərindən də qiymətləndirilməlidir. Hesab edirəm ki, bu istiqamətlərdə həm iqtisadçılar, həm də hüquqşünaslar araşdırmalarını davam etdirməlidir. Seçki Məcəlləsinin tələblərinin pozulması halı baş verdiyi üçün MSK-ya sorğu ilə müraciət edilməlidir. Araşdırmaları xaricdə də aparmaq mümkündür. Ən azı artıq əlimizdə fakt var ki, Dubayda məlum alqı-satqı əməliyyatı gedib. Ora sorğular göndərməklə vergi və digər məsələlərlə bağlı daha geniş məlumatlar almaq imkanları var”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc Dubayda mülk faktının hakimiyyətin xalqın vəsaitini talan etməsinin daha bir sübutu olduğunu bildirdi: “Oğurluqla məşğul olan hakimiyyət bir oğurluq faktı Amerika tərəfindən açılan kimi yenilənmiş təhlükəli Madrid prinsiplərini qəbul etdiyini rəsmən bəyan elədi. Bu fakt onu göstərir ki, hakimiyyət yol verdiyi cinayətlərin ortaya çıxmaması üçün Azərbaycanın milli maraqlarını hər an qurban verə bilər. Bu hakimiyyət Azərbaycanın milli maraqları üçün böyük təhlükəyə çevrilib... Ona görə də biz bu hakimiyyətin istefasını tələb edirik".

Müsavat Məclisinin sədri Sülhəddin Əkbər İlham Əliyevin istefa verməsi tələbi ilə son dərəcə kəskin çıxış etdi: “İlham Əliyev izahat verməlidir. Əsaslı izahat verə bilmirsə, istefa verməlidir. Çünki ölkəyə bunca vurduğu ziyan kifayətdir. Niyə sən korrupsiyaya, qanunsuzluğa yol verərək sənə, ölkənə təzyiq edilməsi üçün faktlar verirsən? Olmazmı ki, Azərbaycanı korrupsiyaya bulaşmamış, heç bir cinayəti olmayan insanlar idarə etsin? Hansısa kənar təzyiq olanda da belə insan çıxsın meydana, xalqı, bütün siyasi qüvvələri arxasında görsün və hər hansı məsələyə görə kənar təzyiqlərin qarşısında duruş gətirsin. Korrupsiyaya bulaşmış, xaricdə on milyon dollarlarla ölçülən mülklər alan adam necə ordunun Ali Baş Komandanı ola bilər?! Zabitlər, əsgərlər biləndə ki, onların Ali Baş Komandanının 11 yaşlı oğlunun təkcə bir xarici şəhərdə 44 milyonluq mülkü var, həmin Ali Baş Komandanın arxasınca gedərmi?! Belə bir Ali Baş Komandanın arxasınca hansı ordu gedər?! İlham Əliyevin nə sağa, nə sola baxdığını spiker bəyan etdi. Yalnız korrupsioner, diktatura ölkələrində bu cür olur. Bu hakimiyyət bir vulkan dağının ətəyində tikilmiş gözəl, böyük malikanəni xatırladır. Vulkandan öncə qazlar çıxır. Bunun ardınca lava başlayır. Lava püskürməyə başlayanda həmin dağın ətəyində olanlar külə dönür. Bu hakimiyyət uçuruma doğru gedir. Qorxulu odur ki, özü ilə bərabər Azərbaycanı da uçuruma aparır. Biz İlham Əliyevə siyasi mesaj verməliyik. Həm özünün yaxınlarını, həm YAP-ı, həm də Azərbaycanı sevirsə, ən düzgün çıxış yolu istefa verməkdir. ABŞ-ın bütün dünyada nüfuzlu olan qəzetində dərc olunan həmin məqalə bir başlanğıcdır”.

Politoloq Ərəstun Oruclu bildirdi ki, ABŞ-da dərc olunan məqalə Qarabağ məsələsində İlham Əliyevə təzyiq məqsədi daşımır: “Bu, sadəcə olaraq Azərbaycan hakimiyyətinin demokratiya və digər geosiyasi məsələlərlə bağlı davranışına cavabdır, siqnaldır. Hakimiyyət bunun davamının gələcəyindən qorxduğu üçün təklif etdi ki, Qarabağ məsələsində razılaşmağa hazırdır. Ancaq bu gün fakt ortadadır ki, hakimiyyətin bu təklifi qəbul olunmur. Baxın, Cənubi Qafqazın iki ölkəsinin başçıları ABŞ-a dəvət olundu. Amma İlham Əliyev yenə də dəvət olunmadı. Qarabağ məsələsi olsaydı, İlham Əliyevi Vaşinqtona çağırıb orada tələblərini birbaşa irəli sürərdilər. Odur ki, həmin məqalənin Qarabağ məsələsində güzəştə gedilməsi məqsədi güddüyü fikri yanlışdır. Hesab edirəm ki, o məqalə bir startdır, ardı gələcək”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, Dubaydakı mülklər faktına münasibət siyasi qüvvələr üçün bir test rolunu oynamaqdadır: "“The Washington Post” qəzetinin məqaləsi məhkəmənin hökmü kimi bir şeydir. Orada dərc olunan məqalə, məqalədəki fakt İlham Əliyevin istefaya getməsi zərurətini gücləndirən bir amildir. Əgər törətdiyin qanunsuzluğu əldə əsas götürüb sənə Qarabağ məsələsində təzyiq edirlərsə, sən mütləq istefa verməlisən. Sənin ölkənin gələcəyi, ərazi bütövlüyü təhlükə altına düşürsə, sən ölkənin naminə istefa verməyə tələsməlisən. Məsələyə bu cür yanaşılmalıdır. Bu məsələdə hansı mövqenin ortaya qoyulması real müxalifət məsələsində bir testdir və real müxalifətin kimlər olduğunu ortaya çıxarır".

KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, bütün müxalifətin və cəmiyyətin prosesə cəlb edilməsi işi aparılmalıdır. Buna nail olandan sonra istefa məsələsi ciddi şəkildə ortaya qoyulmalıdır.

Müsavat başqanının müavini, deputat Arzu Səmədbəyli özünü əsl müxalifət adlandıran bir sıra adamların parlamentin son iclasında 10 dəqiqəlik çıxışları zamanı hətta Dubay sözünü dillərinə gətirə bilmədiklərini bildirdi: “Bu məsələ kimin müxalifət olduğunu bir daha ortaya qoydu. Kim bu məsələdə İlham Əliyevə istefa verməyi tələb edə bilirsə, gerçək müxalifət odur. İlham Əliyev Azərbaycan naminə istefa verməlidir”.

Deputat Pənah Hüseyn haram yolla yığılan milyonların sonda həmin milyonları toplayanların özünə dəhşətli fəlakətlər gətirdiyinin tarixdə dəfələrlə baş verdiyindən və Azərbaycan büdcəsindən ildə 10 milyard manata yaxın vəsaitinin korrupsiya yolu ilə mənimsənildiyindən faktlarla danışdı: “Ölkədə korrupsiyanın təmərküzləşməsi ifrat həddə çatıb. Dubay mülkləri məsələsinin ortaya çıxması da təsadüfi deyil. Oğurluqla əldə olunan böyük sərvət sonda fəlakət gətirir. Həmin milyardlar onu toplayana qismət olmur. Dünyanı idarə edən güclər tərəfindən mənimsənilir”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Müsavat başqanının müavinləri Qabil Hüseynli, Tofiq Yaqublu, Demokratik İstiqlal Partiyasının sədri Şöhrət İsmayıl, Müsavat Məclisinin üzvü Asif Məmmədli və digər ziyalılar da çıxışlarında prezidentin istefa verməsini tələb etdilər. Sonda qərara gəlindi ki, çıxışlarda, xüsusilə də Q.İbadoğlunun çıxışında irəli sürülən təkliflərin reallaşması istiqamətində lazımi addımlar atılsın.

E.SEYİDAĞA, Yeni Müsavat, 26 mart 2010-cu il, Bakı

http://www.musavat.com/new/Siyas%C9%99t/72853-M%C3%9CXAL%C4%B0F%C6%8FT_%C4%B0LHAM_%C6%8FL%C4%B0YEV%C4%B0N_%C4%B0STEFASINI_T%C6%8FL%C6%8FB_ETD%C4%B0