Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
olunub.
Ötən il aprelin 30-da ADNA-da törədilmiş dəhşətli terror hadisəsinin ildönümü
ilə bağlı müzakirələr aparılıb. Divan terror nəticəsində həlak olanların
xatirəsinin ehtiramla yad edilməsini, onların xatirəsinin əbədiləşdirilməsini, o
cümlədən, tələbə və gənclərin bu münasibətlə keçirəcəkləri aksiyalara mane
olmamağı tələb edib. Müsavat Gənclər Təşkilatının bu yöndə göstərdiyi fəaliyyət
yüksək qiymətləndirilib.
Toplantıda “Azadlıq” blokunun Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında
sərbəst toplaşmaq azadlığının təmin edilməsi tələbi ilə keçirmək istədiyi etiraz
piketinin dağıdılması kəskin şəkildə pislənib, həbs edilənlərin azad edilməsi və
bir daha hakimiyyətin insan azadlıqlarına əməl etməsi tələb olunub.
Avropa İnsan Haqları Məhkəməsinin “Gündəlik Azərbaycan” qəzetinin Baş redaktoru
Eynulla Fətullayevin işini araşdıraraq, onun dərhal həbsdən azad edilməsi
qərarını verməsi çox önəmli bir hadisə kimi qiymətləndirilib. Divan qeyd edib
ki. Avropa İnsan Haqları Məhkəməsinin bu qərarı Azərbaycanda məhkəmənin müstəqil
olmadığını, ümumiyyətlə hüquq-mühafizə orqanlarının hakimiyyətin əlində fərqli
düşüncələrə qarşı bir cəza sistemi olduğunu bir daha təsdiq edib. Hakimiyyətdən
AİHM-nin qərarına əsasən Eynulla Fətullayevin dərhal azad olunması tələb edilib.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 26 aprel 2010-cu il, Bakı