Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə
fikir mübadiləsi aparılıb.
Partiyadaxili məsələlər bölümündə bir sıra məsələlərlə yanaşı partiyanın Məclis
üzvü, Mətbuat Şurası İdarə Heyətinin üzvü Tapdıq Abbasın Azərbaycan Milli
Mətbuatının yaradılmasının 135 illik yubileyi münasibəti ilə keçirilən
tədbirlərdə Heydər Əliyevin Fəxri Xiyabandakı məzarına əklil qoyma mərasimində
iştirakı geniş müzakirə edilib. Çıxışlarda bu addımın yanlışlığı, onun Müsavat
Partiyasının üzvü olmaqla bir araya sığmadığı dönə-dönə vurğulanıb, müxtəlif
təkliflər səslənib.
Yekunda bütövlükdə Azərbaycanı, o cümlədən mətbuatı bərbad vəziyyətə salan bir
siyasətçinin məzarını ziyarət törənində iştirakın yolverilməzliyi qeyd edilib.
Divan Tapdıq Abbasın iclasdakı çıxışında bu hadisə ilə bağlı ifadə etdiyi səmimi
etiraf və dərin peşmançılığı nəzərə alaraq ona xəbərdarlıq edilməsi ilə
kifayətlənmişdir. Divan eyni zamanda inandığını bildirmişdir ki, Tapdıq Abbasa
verilmiş bu partiya cəzası bütün müsavatçılara və demokratik düşərgənin
üzvlərinə bir dərs olacaq. Tapdıq Abbas partiya Divanının verdiyi bu qərarla
razılaşdığını, gələcək fəaliyyətində bütün bunları ciddi surətdə nəzərə
alacağını bildirib.
İctimai-siyasi məsələlər bölümündə Divan real müxalifət qüvvələrinin 31iyul
birgə etiraz aksiyasına hazırlığın və seçkilərdə birgə iştirakla bağlı
məsləhətləşmələrin gedişini nəzərdən keçirib.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 26 iyul 2010-cu il, Bakı