Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə
fikir mübadiləsi aparılıb.
Yığıncağın əvvəlində parlament seçkilərinə hazırlığın gedişatı müzakirəsi
edilib. “AXCP-Müsavat” seçki blokunun namizədlərinə DSK-lar və icra strukturları
tərəfindən yaradılan süni maneələr haqqında məlumat verilib. Eyni zamanda blokun
namizədlərinin imzatoplama kampaniyasının uğurla davam etdiyi, seçicilərin
onlara həvəslə imza vermələri qeyd edilib.
Toplantıda həmçinin oktyabrın ilk 10 günlüyündə kütləvi tədbirlərə başlamaq
haqda qərar qəbul edilib.
Yığıncağın ictimai-siyasi vəziyyətə dair bölümündə BMT Baş Assambleyasının
sessiyasında ABŞ prezidenti Barak Obamanın çıxışı və onun İlham Əliyevlə görüşü
müzakirə edilib. Qeyd edilib ki, Barak Obama öz çıxışında həm də Azərbaycan
iqtidarına demokratiya və insan haqları məsələsində ciddi mesajlar vermiş olub.
Prezidentlərin ikitərəfli görüşündən daxil olmuş məlumatlara əsasən ABŞ-ın
Azərbaycanda demokratik prosesləri daha prinsipial və ardıcıl müdafiə edəcəyinə
inam ifadə olunub.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 27 sentyabr 2010-cu il, Bakı