Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
olunub.
Toplantıda əsasən 3 iyul mitinqinə hazırlıqla bağlı müzakirələr aparılıb.
İndiyədək görülmüş işlər dəyərləndirilib və qalan müddət ərzində görüləcək işlər
müəyyənləşdirilib. Bu kontekstdə AXCP-nin əvvəlcədən iyulun 10-na elan etdiyi
mitinqi ayın 3-nə keçirməsi dəyərləndirilib və bununla əlaqədar AXCP ilə
məsləhətləşmələrin aparılması məqsədəuyğun sayılıb. Mitinqə hazırlıq
çərçivəsində partiya başqanı İsa Qəmbərin iyulun 1-də saat 17:00-da müsavatçı
fəallarla planlaşdırılan görüşü ilə bağlı konkret tapşırıqlar verilib.
Daha sonra parlament seçkilərinə hazırlıq çərçivəsində dairələr üzrə Müsavat
Partiyasının namizədlərinin müəyyənləşdirilməsi işi davam etdirilib və bu işin
sona yaxınlaşdığı qeyd edilib.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə ATƏT-in Minsk qrupuna daxil
olan ölkələrin prezidentlərinin Qarabağ problemi ilə bağlı birgə bəyanatı da
müzakirə edilib. Müsavat Partiyası bəyan edib ki, Qarabağ probleminin həlli
ancaq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi şəraitində mümkündür.
Tənzimləmə prosesinin sürətləndirilməsi isə Azərbaycanda və Ermənistanda köklü
demokratik dəyişikliklərin həyata keçirilməsindən asılıdır.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 28 iyun 2010-cu il, Bakı