“AXCP–Müsavat” siyasi partiyalar blokunun B Ə Y A N A T I

“AXCP-Müsavat” siyasi partiyalar bloku bildirir ki, partiyanın vahid namizədlərinin seçki hüquqlarının pozulması faktları artmaqdadır. 95 saylı Tərtər seçki dairəsindən blokun vahid namizədi Qabil Hüseynlinin namizədliyinin qeydə alınması üçün imza verən şəxslərə təzyiqlərin olduğu haqqında məlumat açıqlandıqdan sonra, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən bu dairədən blokun vahid namizədi olan Ərəstun Orucluya qarşı edilən qanunsuzluqlar diqqət mərkəzindədir.
Ötən həftənin şənbə günü sənədlərini təqdim etmək üçün dairə seçki komissiyasında olan Ə.Orucluya bildirilmişdir ki, dairə seçki komissiyasının sədri bu ərazidə olmadığı üçün biz sənin sənədlərini qəbul edə bilmərik və bizim komissiya bazar günü işləmir. Bundan sonra komissiya sədri Aydın Pənahovla telefon əlaqəsi yaradan Ə.Orucluya Pənahov tərəfindən bildirilmişdir ki, o, hazırda Daşkəsən rayonu ərazisindədir və namizədin sənədlərini bazar ertəsi qəbul edəcəkdir. Bazar ertəsi Ərəstun Oruclunun səlahiyyətli nümayəndəsi dairə seçki komissiyası sədrinin və digər komissiya üzvlərinin də iş yerində olmadıqları haqqında blokun rəhbərliyini məlumatlandırıb. Bu barədə MSK-nın müvafiq şöbələrinə məlumat verildikdən sonra MSK işçiləri tərəfindən DSK sədri ilə əlaqə yaradıldığı və Ə.Oruclunun sənədlərinin bu gün – 28 sentyabr 2010-cu il tarixində DSK sədri tərəfindən qəbul ediləcəyinə söz verdiyi bildirilib. Bu gün isə səhər saat 900-dan başlayaraq Ərəstun Oruclunun, MSK-nın hüquq və ümumi şöbəsinin müdirlərinin telefon zənglərinə DSK sədri Aydın Pənahov heç bir cavab verməyib və o, ümumiyyətlə gün ərzində 100 saylı dairə seçki komissiyasının binasında olmayıb.

“AXCP-Müsavat” siyasi partiyalar bloku hesab edir ki, dairə seçki komissiyası sədrinin blokun namizədinə belə münasibəti məqsədli xarakter daşıyır və həmin namizədin qeydiyyatının qarşısının alınmasına xidmət edir.

“AXCP-Müsavat” siyasi partiyalar bloku bu hadisədən ciddi narahatlığını ifadə edərək bəyan edir ki, bu hərəkət Seçki Məcəlləsinin kobud şəkildə pozur, siyasi hakimiyyətin namizədlərin bərabər rəqabət imkanlarını əsaslı şəkildə məhdudlaşdırır və seçkilərin qanuniliyini indidən şübhə altına alır. “AXCP-Müsavat” siyasi partiyalar bloku bu cür qanunsuz hərəkətlərin dərhal aradan qaldırılmasını və günahkarların qanuna müvafiq olaraq cəzalandırılmasını tələb edir.

isagambar.az, 28 sentyabr 2010-cu il, Bakı