İctimai Palatanın yaradılması haqqında

BƏYANNAMƏ

Biz aşağıda imza edən şəxslər:

- vətəndaşların cəmiyyətin və dövlətin ictimai-siyasi həyatında və idarə olunmasında iştirak haqqında Konstitusiya hüquqlarını təmin etmək, bu işə ən geniş kütlələri cəlb etmək, bunun üçün seçki islahatına və azad, ədalətli, demokratik seçkilərin keçirilməsinə nail olmaq;
- ölkədə feodal məmur oliqarx istibdadına son qoymaq, çağdaş demokratik siyasi mədəniyyət formalaşdırmaq;
- fərqli düşüncə, mövqe və alternativləri ifadə etmək və yönləndirmək;
- Azərbaycan cəmiyyətinin və dövlətinin mövcudluq və inkişaf strategiyası sahəsində tədqiqatlar aparmaq, layihələr (o cümlədən qanun layihələri), proqramlar, konsepsiyalar, doktrinalar hazırlamaq və ictimai müzakirələrə çıxarmaq, münasibət bildirməyi zəruri saydığı məsələləri müzakirə etmək, dinləmələr keçirmək, hakimiyyət orqanlarına və digər şəxslərə sorğular vermək,
- göstərilən istiqamətlərdə Azərbaycan cəmiyyətinin siyasi mənsubiyyətindən asılı olmayaraq bütün mütərəqqi nümayəndələrinin səylərini əlaqələndirmək və təşkilatlandırmaq məqsədilə demokratiya uğrinda vətəndaş hərəkatının - İctimai Palata yaradıldığını bəyan edirik.


İctimai Palatanın daxili nizamnaməsinə dair

1 SAYLI PROTOKOL

İctimai Palata öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiya və qanunlarında, hamılıqla qəbul edilmiş və ya Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə (bəyannamələr, konvensiyalar, paktlar və s.) təsbit olunan prinsip, norma, qayda və müddəaları rəhbər tutur və hesab edir ki, yalnız qeyri-zorakı, dinc, sivil mübarizə metod və vasitələri məqbuldur. İctimai Palatanın yaradılması hakimiyyətin səlahiyyətinin həyata keçirilməsi və mənimsənilməsi kimi başa düşülə və şərh edilə bilməz.
Bu bəyanatı imzalayan şəxslər İctimai Palatanın təsisçi üzvləri qismində çıxış edir. Bundan sonra təsisçi üzvlər İctimai Palatanın üzvləri adlanır və sonradan qəbul edilən üzvlərdən hər hansı üstün hüquqları yoxdur. İctimai Palata üzvlərinin ümumi iclasının qərarı ilə Palataya yeni üzvlər qəbul edilə bilər.
İctimai Palatanın ali orqanı üzvlərin ümumi iclasıdır. Ümumi iclas ayda ən azı bir dəfə çağırılır. İctimai Palatanın iclasları mediaya açıqdır.
İclaslararası dövrdə İctimai Palatanın fəaliyyəti Koordinasiya Şurası tərəfindən həyata keçirilir. Koordinasiya Şurası İctimai Palatanı təmsil edir və onun adından qərarlar qəbul edir, bəyanatlar, müraciətlər, sorğular verir. Yığıncaqlara Koordinasiya Şurası üzvləri növbə ilə sədrlik edirlər. Koordinasiya Şurası fəaliyyətin təşkili məqsədi ilə katiblik, komissiyalar və işçi qruplar yarada bilər. İşçi qruplar öz fəaliyyətinə İctimai Palatanın üzvü olmayan mütəxəssisləri ekspert qismində cəlb edə bilər.
Bu protokol İctimai Palatanın yaradılması haqqında Bəyannamənin tərkib hissəsidir və onunla eyni qüvvəyə malikdir. İctimai Palatanın üzvlərinin müəyyən edilmiş ümumi sayının 3/2 səsi ilə Bəyannaməyə dəyişiklik və əlavələr edə bilər.


Ictimai Palatanın
07 noyabr 2010-cu il tarixli
Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə bağlı

b ə y a n a t ı

Beynəlxalq təşkilatlar tərəfindən 1992-ci ildə keçirilən Prezident seçkiləri azad və ədalətli hesab edildikdən sonra ölkədə keçirilən seçkilər bir qayda olaraq demokratiyaya doğru bir addım irəliləyiş kimi qiymətləndirilsə də, standartlara uyğun azad, ədalətli, şəffaf və demokratik hesab edilməyib.
Bu il ilk dəfədir ki, beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab vermədiyi, demokratiya istiqamətində heç bir irəliləyiş olmadığı haqqında ilkin rəylər verib.
Beynəlxalq təşkilatların, həmçinin ATƏT-in və ABŞ Dövlət Departamentinin hesabatlarında əks olunduğu kimi, bu seçkilər ərəfəsində ölkədəki siyasi şərait əvvəlkilərdən daha antidemokratik olub, bərabərhüquqlu siyasi rəqabət imkanları daha da məhdudlaşdırılıb, inzibati resurslar hakimiyyətin dəstəklədiyi namizədlərin müdafiəsinə yönəldilib. Bununla da ölkəmizdə demokratik seçkilər vasitəsilə xalqın iradəsinə uyğun olaraq hakimiyyət strukturlarının formalaşması imkanı növbəti dəfə itirilib.
Seçki ərəfəsi dövrdə ölkədə vətəndaşların sərbəst toplaşma hüququ, faktiki olaraq, ləğv edilib.
Seçki qanunvericiliyində demokratik islahatların aparılması ilə bağlı Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri yerinə yetirilməyib, əksinə Seçki Məcəlləsinə bərabərhüquqlu siyasi rəqabət hüquqlarını məhdudlaşdıran bir sıra mürtəce müddəalar və digər dəyişikliklər daxil edilib ki, bu da seçkilərin azad və ədalətli keçirilməsi üçün problemlər yaradıb.
Seçki ərəfəsi dövrdə ölkədə bərabərhüquqlu siyasi rəqabət şəraiti olmayıb, vətəndaşların sərbəst toplaşma hüququ, faktiki olaraq ləğv edilib.
Seçki komissiyalarının tərkibinin siyasi qüvvələrin etimadını qazanan şəkildə formalaşdırılması, seçki komissiyalarındakı vəzifələrin siyasi qüvvələr arasında paritet əsasda bölüşdürülməsi, müşahidənin təşkili ilə, şikayətlərin qəbulu və obyektiv araşdırılması ilə bağlı qüsurlar yerli siyasi və ictimai təşkilatların, həmçinin beynəlxalq qurumların təkidli təkliflərinə baxmayaraq aradan qaldırılmayıb. Nəticədə MSK da daxil olmaqla bütün seçki komissiyaları həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altında olaraq qalıb.
Seçki kampaniyası dövründə namizədlərin bərabərhüquqlu imkanları pozulub. Namizədlərin qeydə alınması dövründə real müxalifət qüvvələrinin və müstəqil namizədlərin müxtəlif bəhanələrlə qeydə alınmaması nəticəsində faktiki olaraq alternativsiz dairələr yaradılıb.
Müxalif siyasi partiyaların irəli sürdüyü namizədlərin və müstəqil namizədlərin səlahiyyətli nümayəndələrinin, vəkillərinin, namizədlərin təyin etdikləri məşvərətçi səs hüquqlu komissiya üzvlərinin və müstəqil olaraq seçki məntəqələrində seçkiləri müşahidə edən çoxsaylı vətəndaşlar tərəfindən verilən məlumata əsasən seçki günü seçki məntəqələrində total qanun pozuntuları və saxtakarlıqlar həyata keçirilib.
Seçki və ondan sonrakı gün məntəqə və dairə seçki komissiyalarına seçki şikayətlərinin daxil olunmasına yol verilməyib.
Dairə seçki komissiyalarının seçkilərin nəticələri haqqında yekun protokol və qərarlarının ləğv edilməsi tələbi ilə 100-ə yaxın qeydə alınmış namizədin 57 seçki dairəsindən Mərkəzi Seçki Komissiyasına daxil olmuş şikayət ərizələrinin araşdırılması formal xarakter daşıyıb və obyektivlikdən uzaq olub. Bu hal Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə daxil olan şikayətlərin baxılmasında da təkrar olunub.
Nəticədə 07 noyabr 2010-cu il tarixli dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri azad, şəffaf, həqiqi, demokratik, ədalətli və beynəlxalq standartlara uyğun olmayıb.
Bu seçkilər nəticəsində ölkədə avtoritar rejimin möhkəmləndirilməsi, demokratik institutların zəiflədilməsi, real hakimiyyət bölgüsünün aradan qaldırılması və birpartiyalı parlament yaradılması istiqamətində növbəti addım atılıb.
İctimai Palata 07 noyabr 2010-cu il tarixli dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkilərinin azad və ədalətli olmadığı üçün bu seçkilərin nəticələrini tanımadığını bəyan edir və seçkilərin nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının iradəsini təcəssüm etdirən və beynəlxalq standartlara cavab verən seçkilər vasitəsilə təkrar parlament seçkilərinin keçirilməsini tələb edir.

isagambar.az, 28 dekabr 2010-cu il, Bakı