Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
olunub.
Yığıncaqda partiyanın qərargahında bayramdan əvvəl keçirilmiş tədbirər –
“Əliyevlərin Dubay mülkləri” mövzusunda Dəyirmi Masa (17 mart) və Novruz şənliyi
(19 mart) haqqında fikir mübadiləsi aparılıb.
Partiyanın Mərkəzi İcra Aparatının rayon təşkilatlarının vəziyyəti haqqında
arayışının təqdimatı davam etdirilib.
Məclisin növbəti sessiyasının vaxtı və gündəliyi haqqında ilkin müzakirələr
keçirilib.
Mitinq keçirilməsi üçün yerlərin müəyyənləşdirilməsi haqda Müsavat Partiyası
adından Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmiş məktuba hələ də cavab
verilmədiyi qeyd olunub. Divan məktuba cavabın gecikdirilməsindən narahatlığını
bildirib.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə əsas müzakirələr kütləvi
tədbirlər barəsində aparılıb və müvafiq qərarlar qəbul edilib.
Soyqırım günü ilə bağlı martın 31-də, saat 11:00-da Şəhidlər Xiyabanının ziyarət
edilməsi qərara alınıb.
Divan Ceyhun Zərbəliyev adlı müttəhimin 19-cu polis bölməsində intihar etməsi
barədə məlumata da münasibət bildirib. Bu cür halların dəfələrlə baş verdiyini
və buna görə Daxili İşlər Nazirliyinin məsuliyyət daşıdığı bildirilib. Divan
Ceyhun Zərbəliyevin ölümünün səbəblərinin düzgün araşdırılmasını və
günahkarların məsuliyyətə cəlb edilməsini tələb edib.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 29 mart 2010-cu il, Bakı