“AXCP–Müsavat” siyasi partiyalar blokunun B
Ə Y A N A T I
1. “AXCP-Müsavat” siyasi partiyalar blokunun namizədlərinin seçki hüquqlarının
pozulması faktları davam etməkdədir. 95 saylı Tərtər seçki dairəsindən blokun
vahid namizədi Qabil Hüseynovun namizədliyinin qeydə alınması üçün imza verən
şəxslərə təzyiqlərin olduğu haqqında məlumat verilmişdir. Qabil Hüseynov
tərəfindən sənədlər dairə seçki komissiyasına təqdim edildikdən sonra ona qarşı
edilən qanunsuzluqlar daha geniş vüsət almağa başlayıb. Belə ki, imza
vərəqələrindəki adlara uyğun olaraq rayon isra hakimiyyətinin başçısı Vidadi
İsayevin emisarları imza verən şəxslərin evlərinə gedir, müxtəlif yollarla
onları verdikləri imzalardan imtina ərizəsi yazmağa vadar edirlər. Məsələn,
sənədlər sentyabrın 28-də DSK-ya təqdim edildikdən sonra artıq 29 sentyabr saat
11-ə qədər 14 nəfərin müxtəlif məzmunlu məktublarla həmin orqana müraciət
etmələri barədə DSK-nın sədri Həmid Mehdiyev tərəfindən Qabil Hüseynova məlumat
verilmişdir. Bu prosesin günün sonrakı hissələrində də davam etdiyi şübhə
doğurmur. Təzyiqə məruz qalanlar arasında Müsavat Partiyasının fəalları, o
cümlədən rayon təşkilatının sədri Məmməd Xəqaninin adını xüsusi qeyd etmək
lazımdır. Açıq görünür ki, yerli hakimiyyət orqanları Qabil Hüseynovun
namizədliyinin qeydə alınmaması üçün lazımi hüquqi baza yaratmağa çalışırlar.
Həm namizədin, həm də onun imza toplayanlarının qeyd etdiyi kimi, icra
hakimiyyəti orqanlarının seçki orqanlarının işinə müdaxiləsi o dərəcəyə çatıb
ki, seçki orqanları müstəqil surətdə qərarlar qəbul etmək, mövcud seçki
qanunvericiliyinə uyğun hərəkətlər etmək hüquqlarından məhrum edilib. Özünün
əsabələri vasitəsi ilə rayonda orta əsrlərə xas xof mühiti yaradan icra
hakimiyyəti faktik olaraq rayonda normal seçki atmosferinin formalaşmasının
qarşısını çoxdan alıb. Bu bir daha təsdiq edir ki, ölkə başçısının icra
orqanlarının seçki orqanlarının işinə qarışmaması barədə göstərişləri Tərtər
rayon rəhbərliyi tərəfindən yerinə yetirilmir.
“AXCP-Müsavat” siyasi partiyalar bloku 95 saylı Tərtər seçki dairəsində yaranmış
bu anormal və qanuna zidd vəziyyətdən dərin narahatlıq hissi keçirdiyini
bildirir və müvafiq orqanlardan bu özbaşınalığa təcili olaraq son qoyulmasını və
günahkarların qanuna müvafiq olaraq cəzalandırılmasını tələb edir.
Bu hərəkətlər Seçki Məcəlləsinin kobud şəkildə pozur, siyasi hakimiyyətin
namizədlərin bərabər rəqabət imkanlarını əsaslı şəkildə məhdudlaşdırır və
seçkilərin qanuniliyini indidən şübhə altına alır.
2. “AXCP-Müsavat” siyasi partiyalar bloku bildirir ki, dairə seçki
komissiyalarında olan özbaşınalıq halları gün-gündən artmaqdadır. Belə ki, 78
saylı Lerik seçki dairəsində deputatlığa namizəd Nobatəli Pələngov və onun
səlahiyyətli nümayəndəsinə heç bir məlumat və sənəd verilmədən DSK onun
namizədliyinin qeydə alınmaması haqqında qərar çıxarmışdır. Dəfələrlə dairə
seçki komissiyasına müraciət etməsinə baxmayaraq, qərarın surətini hələ də
namizədə təqdim etməyiblər.
25 saylı Nizami ikinci seçki dairəsində Yeni Azərbaycan Partiyasının namizədinin
səlahiyyətli nümayəndələri tərəfindən seçicilərə pul paylanması halları müşahidə
edilib ki, bu da Seçki Məcəlləsinin 88-ci maddəsinin kobud şəkildə posulmasıdır.
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsində deputatlığa namizəd Pərviz
Həşimlinin səlahiyyətli nümayəndəsinə qarşı polis tərəfindən kobudluq edilərək,
dairə ərazisindən uşaqlaşdırılmış, dairə seçki komissiyasında yetərsay olmadan
P.Həşimlinin namizədliyinin qeydə alınmaması barədə qərar çıxardıqlarını
bildirmiş, DSK-nın qərarını isə namizədə verməmişlər.
48 saylı Yevlax, 49 saylı Yevlax-Mingəçevir, 113 saylı Şəki şəhər seçki
dairələrində blokun namizədlərinin imza vərəqələrinə imza atmış seçicilərə qarşı
təzyiqlər edərək imzalarından imtina etməyə təhrik edirlər.
113 saylı Şəki şəhər seçki dairəsində deputatlığa namizəd Sahib Kərimovun
səlahiyyətli nümayəndəsinin ticarət obyektinə qeyri-qanuni müdaxilə edərək, onun
sənədlərinin surətlərini alıb getmişlər.
Dəfələrlə mətbuatda qeyd olunmasına, “AXCP-Müsavat” siyasi partiyalar blokunun
səlahiyyətli nümayəndələrinin yazılı və şifahi müraciətlərinə və Mərkəzi Seçki
Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin mətbuata açıqlamasına
baxmayaraq, namizədlərə əlavə imza vərəqələrinin verilməsi prosesində
məhdudiyyətlər hələ də aradan qaldırılmayıb. 46 saylı Şirvan, 48 saylı Yevlax,
49 saylı Yevlax-Mingəçevir, 61 saylı Neftçala, 67 saylı Cəlilabad şəhər, 74
saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı, 105 saylı Tovuz seçki
dairələrində əlavə imza vərəqələri verilməsi haqqında müraciətləri ümumiyyətlə
qeydə almaqdan imtina etmişlər.
“AXCP-Müsavat” siyasi partiyalar bloku bəyan edir ki, namizədlərə qarşı qanunsuz
münasibət əslində hakimiyyətin bərabər rəqabət şəraitində demokratik seçki
keçirmək istəyinin olmadığını göstərir və əvvəlcədən seçkilərin nəticələrini
şübhə altına alır.
isagambar.az, 30 sentyabr 2010-cu il, Bakı