Növbəti toplantı
Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Gündəliyin
partiyadaxili məsələ bölümündə Qabil Hüseynli Göyçay RT-nın hesabat-seçki
konfransı haqqında məlumat verib. O, təşkilatın yeni seçilmiş sədri İlqar
Yusifli və seçkili orqanlar haqqında məlumatları çatdırıb. 28 May – Respublika
günü münasibəti ilə Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsi
qarşısında keçirilmiş Müsavat və DUİ-nin birgə bayram tədbiri müsbət
dəyərləndirilib.
Kür və Araz çaylarının daşması nəticəsində bir sıra aran rayonlarda yaranmış
fəlakətli durum haqqında müzakirələr davam etdirilib. Müsavat Deputat Qrupunun
və partiya rəhbərliyi nümayəndələrinin fəlakət zonasına son səfərindən əldə
edilmiş məlumatlar əsasında yerlərdəki real vəziyyət dəyərləndirilib.
Vəziyyətdən çıxış kimi Araz çayının suyunun bir hissəsinin əvvəllər mövcud olmuş
məcraya yönəldilməsi qərarı riskli, sonadək düşünülməmiş addım kimi
qiymətləndirilib və bu qərarın mütəxəssislərlə ciddi müzakirə edilməsini tələb
edib. Həmçinin, hakimiyyətdən tələb edilib ki, təbii proseslər zamanı
hadisələrin arxasınca sürünməsin, vəziyyəti öncədən mütəxəssislərin iştirakı ilə
dəyərləndirərək effektli qabaqlayıcı tədbirlər görülməlidir.
Daha sonra partiyanın parlament seçkilərinə hazırlığı ilə bağlı müzakirələr
aparılıb, dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi işi davam etdirilib.
Kütləvi aksiyalar haqqında məsələ müzakirə edilib. Qeyd edilib ki, artıq fəlakət
zonasında təhlükə tədricən azalır, ona görə də də növbəti mitinq iyunun 12-nə
təyin edilib.
Divan bu səhər İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən Fələstinin Qəzza
bölgəsinə humanitar yük aparan Türkiyəyə məxsus gəmilərin Aralıq dənizinin
neytral sularında zorakılıqla saxlanılması nəticəsində insan tələfatının
olmasından təəssüfləndiyini və narahatçılığını bildirib. Müsavat rəhbərliyi
hesab edir ki, hadisələrin təhlükəli istiqamətdə davam etməsinin qarşısı təcili
alınmalı və məsələlər beynəlxalq hüquqa uyğun həllini tapmalıdır.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 31 may 2010-cu il, Bakı