Müsavat
Partiyasının Başqanı İsa Qəmbər Sülhəddin Əkbəri 50 illik yubileyi münasibətilə
təbrik edib. Təbrikdə deyilir:
«Hörmətli Sülhəddin bəy!
50 illik yubileyinizi təbrik edir, Sizə uzun ömür və cansağlığı arzulayıram. Siz
Azərbaycan Xalq Hərəkatının ilk günlərindən bu hərəkata qoşulmuş, ölkəmizin
müstəqilliyi, ərazi bütövlüyü və xalqımızın azadlığı uğrunda aparılan
mübarizənin rəhbərlərindən biri olmusunuz. 1989-cu ildə xalq hərəkatının aparıcı
təşkilatı olan Azərbaycan Xalq Cəbhəsi təsis edilərkən onun ilk idarə heyətinin
üzvü seçilmisiniz. Xalq hərəkatının təşkilatlanmasında, onun ideyalarının
yayılmasında mühüm rol oynamısınız. Siyasi mübarizəyə qatıldığınız ilk günlərdən
müstəqil Azərbayan dövlətinin yaranması, azad, demokratik vətəndaş cəmiyyətinin
formalaşması Sizin ən böyük amalınız olub. Bolşevik istilası dövründə
mühacirətdə fəaliyyət göstərməyə məcbur olmuş Müsavat Partiyasının fəaliyyətinin
ölkədə bərpa olunmasında yaxından iştirak etmiş, 1992-ci ildə yaranmış Bərpa
Bürosunun üzvü olmusunuz.
1992-1993-cü illərdə Siz Milli Təhlükəsizlik Nazirinin birinci müavini kimi çox
məsul və çətin bir vəzifədə çalışmısınız. Bu təşkilatının milliləşməsində, Sovet
imperiyası dövründən qalma qalma bir qurumdan sözün həqiqi mənasında ölkənin
təhlükəsizliyinə xidmət göstərən bir orqana çevrilməsi üçün fəaliyyət
göstərmisiniz. Təəssüf ki, 1993-cü ilin iyununda ölkədə baş yermiş hərbi
çevriliş nəticəsində digər islahatlar kimi MTN-də başlayan bu islahatlar da
yarımçıq qaldı.
1993-cü ildən bu günə kimi Siz siyasi fəaliyyətinizi Müsavat Partiyasında davam
etdirirsiniz. Uzun müddət partiya başqanın müavini vəzifəsində çalışmısınız.
2006-ci ildən isə Müsavat Partiyası Məclisinin sədrisiniz. Bu illər ərzində Siz
həmişə öz prinsipial mövqeyiniz, azadlıq, demokratiya ideallarına sədaqətinizlə
seçilmisiniz. Bu yolda ağır təhlükələrlə üzləşsəniz də, dəfələrlə həbsdə
yatsanız da öz əqidənizdən dönməmisiniz. Bu gün Müsavat Partiyasının nüfuzu
Sizin kimi silahdaşlarımızın çiynində qərar tutur.
Hörmətli Sülhəddin bəy!
Bir daha Sizi yubileyiniz münasibətilə təbrik edir, şəxsi həyatınızda
xoşbəxtlik, ictimai-siyasi fəaliyyətinizdə uğurlar arzulayıram. İnanıram ki,
uzun illərdən bəri apardığımız mübarizə öz bəhrəsini verəcək və Azərbaycanı
azad, demokratik bir ölkəyə çevirəcəyik.
isagambar.az, 31 iyul 2010-cu il, Bakı