Musavat Partiyasının 100 illiyi ilə bağlı İctimai Palatanın

TƏBRİKİ

Bu ilin oktyabrında müasir Azərbaycan siyasi mədəniyyət tarixinin ən mühüm hadisələrindən olan Müsavat partiyasının yaranmasının və fəaliyyətinin 100 illiyi tamam olur.

Yarandıqdan sonra bu partiya tez bir zamanda M. Ə Rəsulzadənin liderliyi ilə Azərbaycan milli hərəkatını idarə edən yeganə siyasi təşkilat halına gəlmişdir.
İlk dəfə olaraq Azərbaycanın milli istiqlalı və hürriyyəti bayrağını qaldıraraq, azərbaycanlılığı dövlət müstəvisinə gətirən, ona müstəqil milli dövlət həyatı yaşadan, onu milli və mədəni varlıq olaraq dünya millətlərinə tanıdan və Azərbaycan məsələsini beynəlxalq məsələlər sırasına daxil edən Müsavat partiyası olmuşdur. Müasir Azərbaycan dövlətçiliyinin yaranması, azərbaycan ideyasının təşəkkülü və inkişafı tarixi Müsavat partiyasının tarixi ilə üzvi şəkildə qovuşmuş və bir yerdə mövcud olmuşdur.

1920- ci ildə Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra Müsavat xalqımızın milli – azadlıq mübarizəsini davam etdirmiş bu yolda şəhidlər vermiş, ölkə daxilində və xaricdə Azərbaycan davasını yürüdərək milli azadlıq və demokratiya məfkurəsini yaşatmışdır. Müsavatın tarixi Azərbaycan milli azadlıq və demokratiya uğrunda mübarizə tarixi, Azərbaycanın milli azadlıq və demokratiya tarixi Müsavat tarixidir. Bu mənada Müsavat Partiyası azərbaycanın ümummilli irsi və dəyəridir.
Müsavat partiyası yalnız Azərbaycanda deyil bütün Qafqaz xalqlarının istiqlalında mühüm rol oynamışdır. Müsavat partiyasının təklifi və israrı ilə 1917- ci ilin aprelində “Qafqaz İslam qurultayı” Rusiyanın milli dövlətlərə parçalanması qərarı almış və yenə Müsavatın israrlı mövqeyi nəticəsində 1918 – ci ilin aprelində Zaqafqaziya Seymi Rusiyadan ayrı müstəqil dövlət olduğuna qərar vermişdir.

Müsavat partiyası bütün türk dünyası xalqları qarşısında əvəzsiz xidmətlər göstərmişdir. Bu partiya siyasi türkçülüyü ilk dəfə olaraq proqram halına salmış, Rusiya və İran türklərinin istiqlalını tələbini gündəmə gətirmişdir.

Müsavat Partiyası bütün islam xalqları tarixində müstəsna əhəmiyyətli yerə malikdir. Məhz Müsavat partiyası istiqlalçılığı, insan hüquq və azadlıqlarını əsas götürən hürriyyətçiliyi və cümhuriyyətçiliyi ilə bütün islam Şərqində ilk Avropa tipli siyasi partiyadır.

Azərbaycanda fəaliyyətini bərpa etdikdən sonra da Müsavat partiyası Azərbaycanın dövlət müstəqilliyinin bərpasında əvəzsiz rol oynamış və bu gün İstiqlal, Azadlıq və Demokratiya uğrunda mübarizənin ən nüfuzlu, güclü avanqard dəstələrindən birini təşkil edir.

Azərbaycanda aftoritarizmə qarşı və demokratiya uğrunda vətəndaş hərəkatı olan İctimai Palata tariximizin bu şanlı yubileyi ilə bağlı Müsavat partiyasını və bütün xalqımızı təbrik edir və inanır ki, Müsavat Azərbaycanın bütün mütərəqqi və demokratik qüvvələri ilə birlikdə öz hədəflərinə uğurla çatacaqdır.

isagambar.az, 01 oktyabr 2011-ci il, Bakı