Növbəti toplantı

Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb.

İclasda Müsavat Gənclər Təşkilatının ötən həftə partiya qərargahında təşkil etdiyi “Müsavatçılıq və Gənclik” mövzusunda tədbirin yüksək səviyyədə keçirildiyi qeyd edildi.

Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti yığıncağının 24 yanvar 2011-ci ildə keçirilməsi razılaşdırıldı.

İctimai Palatanın Koordinasiya Şurasında müzakirə olunan məsələlər barədə məlumat verildi və Palatanın sessiyasına hazırlıq işləri barəsində fikir mübadiləsi aparıldı. 20 Yanvar günü Şəhidlər Xiyabanının İctimai Palata üzvləri ilə birlikdə saat 14:00-da ziyarət edilməsi qərara alındı.

Divan ötən həftə polis zorakılığı nəticəsində Elvin Əsgərovun həyatını itirməsini qətiyyətlə pisləyir və bu hadisəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasını tələb edir. Belə halların son zamanlarda tez-tez baş verməsi və cinayətkarların tapılmaması qatillərin konkret şəxslər yoxsa bütövlükdə hakimiyyət olduğu barədə suallara rəvac verir.

Tunisdə baş verən hadisələrin müzakirəsi zamanı Divan avtoritar sistemlərdə ölkə əhalisinin haqsızlıqlara dözməyərək azadlıq uğrunda mübarizəyə qalxmasının və buna nail olmasının qarşısıalınmaz zərurət olduğunu qeyd edərək, bu işdə Tunis xalqının haqlı mübarizəsinə dəstək verdiyini bəyan edib.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 17 yanvar 2011-ci il, Bakı