Növbəti toplantı

Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə 20 Yanvar şəhidlərinin ziyarət edilməsi zamanı polisin davranışı ilə bağlı məsələ müzakirə edilib. Polis mayoru Süleyman Nemətovun hərəkəti kəskin qınanılıb. Divan baş vermiş hadisə ilə bağlı DİN-nin polis mayoru ilə bağlı hər hansı addım atıb-atmayacağını nəzarətdə saxlayacaq.

Daha sonra Gədəbəydə baş vermiş ailə faciəsi haqqında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, vətəndaşların olduqca tez-tez intihar etmələrinin əsas səbəbi iqtidarın apardığı zorakılıq, korrupsiya siyasəti və məmur özbaşınalığıdır.

Gündəliyin partiyadaxili məsələ bölümündə Məhəmməd Əmin Rəsulzadənin yanvarın 31-də qeyd ediləcək doğum günü ilə bağlı müzakirə aparılıb. Qərara alınıb ki, həmin gün saat 12:00-da Novxanı qəsəbəsində ulu öndərin abidəsi ziyarət ediləcək.

Saat 14:00-da isə partiyanın mərkəzi qərargahında anım tədbiri keçiriləcək.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 24 yanvar 2011-ci il, Bakı