Yunus Heydər oğlu Qəmbərov

Görkəmli alim və böyük insan

Deyirlər, qiymətli insanlar dünyasını tez dəyişirlər. Elə bil ilahi də onları öz yanına aparmağa tələsir...

Belə insanların itkisi, təbii ki, tək bir ailənin, məhəllənin, şəhərin deyil, bütöv bir millətin, bəzən isə bütün bəşəriyyətin itkisi sayılır. Və belə mənəvi itki yaddaşımızda elə dərin iz buraxır ki, onların yeri həyatda sanki əbədi olaraq boş qalır.

Yoxluğuna inanmadığımız, hələ də adət edə bilmədiyimiz belə gözlənilməz ağır itkilərdən biri də artıq bir ildir aramızdan gedən və daim yeri görünən görkəmli alim və gözəl insan Respublika Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor YUNİS HEYDƏR OĞLU QƏMBƏROVDUR.

YUNİS müəllimin vaxtsız dünyasını dəyişməsi, bəlkə də, mənim üçün onun ən yaxın əzizləri qədər ağır mə`nəvi itki oldu. Bəlkə də ona görə ki, YUNİS müəllimlə artıq iyirmi iki ilə yaxın müddətə birgə çalışmağımız və bu  dövr ərzində bütün elmi uğurlarımız və uğursuzluqlarımız və eləcə də həllini gözləyən gələcək elmi-əməli planlarımız bizi doğmalaşdırmışdı. Yox, görünür ən öncəsi ona görə ki, bu böyük alim və gözəl insanın simasında mən təkcə müəllimimi deyil, həm də qiymətli dostumu, böyük məsləkdaşımı itirmişdim. Məhz ona görə də bu mə`nəvi itki zaman keçdikcə özünü daha dərin biruzə verir.

Yunis müəllimin həyatı və zəngin elmi faliyyəti haqda şübhə yoxdur ki, hələ çox sözlər deyiləcək və yazılacaqdır. Mən isə onunla ilk tanışlığımızdan tutmuş son görüşümüzədək uzun bir dövrü bir anlığa xəyalən vərəqləyərək bəzi təəssüratlarımı demək istərdim.

Yunis müəllimlə mənim ilk tanışlığımın səbəbkarı indi də  dostluq etdiyim tələbəlik dostum olmuşdur. Bu, 1969-cu ilin yayına təsadüf edirdi. O vaxt mən Sumqayıtda neft-kimya kombinatında işləyirdim. Lakin elmə olan marağım məni rahat buraxmırdı və aspiranturaya girməyi ciddi olaraq qət etdim. Ancaq hansı elm ocağına getmək və kimin yanına? Dostum isə tərəddüd etmədən məsləhət gördü ki, onun işlədiyi Elmi-Tədqiqat Olefinlər İnstitutuna aspiranturaya girim və ancaq YUNİS QƏMBƏROVUN laboratoriyasına.

YUNİS müəllimlə ilk tanışlığımızdan onun müdrik danışıqları, xeyirxah, nurlu çöhrəsi və mehriban xasiyyəti mənə güclü təsir bağışlamışdı. Deyəsən mən də onun xoşuna gəlmişdim. Söhbət əsnasında dostum mənə sanki tam zəmanət verirmiş kimi özünəməxsus təvəzökarlıqla əlavə etdi: "YUNİS müəllim, əgər məni bir bilirsinizsə, onda RAFİQ ondur". Bu sözlər dost tə`rifi kimi YUNİS müəllimin çox xoşuna gəlsə də, o mənim qarşımda ciddi şərt qoydu: "Gərək qəbul imtahanlarının hamısından əla qiymət alasan". Bu, sanki müəllimin gələcək tələbəsinə onu gözləyən böyük məsuliyyət qarşısındakı xeyirxahcasına edilmiş xəbərdarlığı idi. Və təbii ki, bunlar öz bəhrəsini verdi...

Aspiranturada çalışdığım az müddət ərzində YUNİS müəllimin yüksək daxili mədəniyyətə malik, mülayim təbiətli və təvəzökar bir insan olmaqla yanaşı, həm də çox işgüzar, tələbkar və prinsipial bir alim olduğunu özümə tam aydın etdim. Lakin YUNİS müəllimin yüksək tələbkarlığı başqalarına qarşı olandan qat-qat yüksək idi. Bunun nəticəsi idi ki, o, planlaşdırdığı bir işin və ya bir tədbirin ən məs`uliyyətli və ağır hissəsini öz üzərinə götürərdi.

Məhz özünə qarşı yüksək tələbkarlığın, işgüzarlığın və prinsipiallığın sayəsində o, universitet təhsili almış kimyaçı-alim səviyyəsi ilə kifayətlənməmiş, həm də müasir mühəndis-texnologiyasının dərin incəliklərinə yiyələnmişdir. O, ən mürəkkəb texnoloji hesabatları özünəməxsus şəkildə elə sadə təsəvvür və həll edirdi ki, elə bil ən adi hesab əməliyyatları icra edir. Və təbii ki, bu adilik böyük zəhmətin sayəsində fəth edilmiş yüksəklikdən görünən adilik idi.

YUNİS müəllim güclü hafizəyə, aydın ağıla və çox geniş erudisiyaya malik bir şəxsiyyət idi. O, demək olar ki, istənilən sahədə (dil, ədəbiyyat, incəsənət və s.) öz müsahibini maraqlandıran söhbətlər apara bilər və öz konkret mülahizələrini təvəzökarlıqla şərh edərdi. Və onu dinlədikcə əmin olurdun ki, o, hansı bir sahə ilə məşğul olsa, ciddi uğurlar əldə edər və həmin sahənin görkəmli mütəxəssisi ola bilər. Bir böyük məclisdə tanınmış bir ziyalı yoldaş söhbət əsnasında sual verəndə ki, hind dilli türk şairi kimdir, hamı bir-birinin üzünə baxdı. Bu vaxt YUNİS müəllim özünəməxsus bir təvəzökarlıqla həmin şairin Əmir Xosrov Dəhləvi olduğunu söylədi və onun həyat və yaradıcılığı haqda da qısa məlumat verdi. Qeyd etməmək mümkün deyil ki, YUNİS müəllimin dilçiliyə olan meyli və o sahədəki istedadı qeyri-adi bir hal idi, deyərdim ki, əsl fenomen idi. O, özü təəssüflə bildirərdi ki, cavanlıqda dilçi olmaq istəyirmiş... Lakin bu, nə məndə, nə də onu yaxından tanıyanların heç birində təəssüf hissi doğura bilməzdi. Çünki YUNİS müəllim Azərbaycan və rus dillərinin incəliklərini əsl dilçi mütəxəssis səviyyəsində bilir və araşdırırdı. O, alman, ingilis, fransız, türk və fars dillərində də oxuyub yazmağı bacarırdı. Bir Türkiyə firması ilə Olefinlər İnstitutunun birgə əməkdaşlığı haqda olan məramlar protokolunu YUNİS müəllim türk dilində elə yüksək səviyyədə tərtib etmişdi ki, bu, təkcə bizi deyil, türk mütəxəssislərini də heyran qoymuşdu.

Ümumiyyətlə, YUNİS müəllim öyrənmək məqsədilə heç bir dillə xüsusi məşğul olmurdu.

O, qısa bir tanışlıqdan sonra hər hansı bir başqa dildə olan materialı asanlıqla araşdırardı. Bu, doğrudan da, xüsusi bir istedad idi.

YUNİS müəllim ömrünün ən yaradıcı çağlarını həsr etdiyi doğma institutuna hədsiz dərəcədə bağlı idi. Əgər Olefinlər İnstitutunu YUNİS müəllimsiz təsəvvür etmək çətindir desəm, mütləq deməliyəm ki, YUNİS müəllim özünü bu institutsuz təsəvvür etmirdi. Bu bağlılıq o dərəcədə üzvi idi ki, dəfələrlə dəvət olunmağına baxmayaraq, o, tədris ocaqlarında dərs deməyi özünə rəva bilmirdi və mənə elə gəlirdi ki, bunu doğma instituta "xəyanət" kimi qiymətləndirirdi.

YUNİS müəllim qayğıkeş bir ata, gözəl ailə başçısı olmasına baxmayaraq, tərəddüd etmədən deyə bilərəm ki, o öz işinə daha çox bağlı adam idi və onun ən böyük arzuları, istəkləri də öz doğma institutu ilə bağlı idi.

1976-cı ildə özünün 50 illik yubileyində YUNİS müəllimə söz verəndə o, çox təvəzökar çıxışının axırında dedi: "Həyatda ən böyük arzum odur ki, uzun illərdən bəri zəhmətlə yaratdığımız canlı prosesi sənayedə işləyən görüm". İlahi, nə yaxşı ki, YUNİS müəllimin bu arzusu gözündə qalmadı və özünün sağlamlığı bahasına yaratdığı canlı prosesini on il gec olsa da, həyatda işləyən gördü.

YUNİS müəllim ömrünün yarısından çoxunu doğma institutunda işləmişdi. Bu institutun adi təcrübə zavodundan böyük bir elmi-tədqiqat mərkəzinədək formalaşmasında, elmi fəaliyyətinin genişlənməsində və əməli nəticələrinin genişlənməsində və əməli nəticələrinin sənayedə tətbiq olunmasında apardığı vəzifədən asılı olmayaraq onun xüsusi rolu olmuşdur. Onun tək öz yetirmələrinin deyil, eləcə də institutun və respublikamızın bir çox qabaqcıl alim və mütəxəssislərinin də yetişməsində və onların sonrakı inkişafında böyük rolu olmuşdur. YUNİS müəllim keçmiş ittifaqın müxtəlif regionlarında da neft-kimyası sahəsində bəzi indiki tanınmış alimlərin yetişməsində də öz köməyini əsirgəməmişdi.

Bütün bu təmannasız kömək və qayğılar YUNİS müəllim tərəfindən o qədər təvəzökarlıqla edilirdi ki, sanki o bunu özünün adi bir mənəvi borcu sayırdı.

YUNİS müəllim təbiətən çox təvəzökar bir insan olmaqla yanaşı, doğma institutunun elmi nailiyyətlərini istənilən səviyyədə təbliğ etməkdən və yeri gəldikdə isə müdafiə etməkdən  yorulmurdu, əksinə bundan mənəvi zövq alırdı. Heç yadımdan çıxmır, YUNİS müəllim institutumuzun bir böyük qrup əməkdaşına keçmiş İttifaq Nazirlər Sovetinin mükafatı veriləndə bu işdə göstərdiyi təşəbbüskarlığa və həlledici roluna görə uşaq kimi sevinirdi.

YUNİS müəllim, özünün də etiraf etdiyi kimi, böyük natiqlik məharətinə malik deyildi, lakin o elə məntiqi, elə inandırıcı və ürəkdən danışırdı və çıxış edirdik ki, öz müsahibini və istənilən auditoriyanı ələ alırdı.

YUNİS müəllimə işdə və ümumiyyətlə, həyatda xas olan ən qiymətli keyfiyyətlərdən biri də onun öhdəsinə düşən işlərə və verdiyi sözlərə qarşı yüksək məsuliyyəti və dəqiqliyi idi. Bir dəfə də olsun xatırlamıram ki, o vəd etdiyi görüşə geciksin və ya verdiyi sözü unutsun. Maraqlı ondadır ki, o, bu yüksək keyfiyyətləri ilə fəxr etməzdi və onları adi həyat normaları hesab edirdi.

YUNİS müəllimlə birgə işləmək, ünsiyyətdə olmaq hər bir kəs üçün həm çox sadə, həm də hardasa sanki mürəkkəb idi. Sadə idi ona görə ki, o öz müdrikliyi və aydın ağlı ilə ən çətin bir məsələnin həlli üçün çıxış yolu axtarıb tapır və ya faydalı məsləhətlər verərdi. Mürəkkəblik isə onda idi ki, o, hər bir şeyi xırdalığına qədər açıqlamağı xoşlamazdı. Və bəzən adama elə gəlirdi ki, söhbət tamamlanmamış qalırdı. Lakin zahirən mürəkkəb görünən bu xasiyyət məhz onun müdrikliyindən irəli gəlirdi: o, bununla bir tərəfdən sanki müsahibinin yüksək səviyyəliliyini təsdiq edirdi, digər tərəfdən isə, onun təşəbbüsünü və yaradıcı düşünmək qabiliyyətini əlindən almaq istəmirdi.

Özünün malik olduğu qeyri-adi iş məhsuldarlığı ilə YUNİS müəllim adamda təəccüb doğurmaya bilməzdi. Onda həlli çox çətin görünən bir elmi məsələni və ya mülahizəni az müddət ərzində yetkinləşmiş bir material səviyyəsinə gətirmək qabiliyyəti vardı.

YUNİS müəllim öz üzərində çalışmağı çox sevərdi və imkan olan kimi sakit bir guşəyə çəkilib işləyərdi. Tərəddüd etmədən deyə bilərəm ki, işdən sonrakı elmi-yaradıcılıq fəaliyyəti də nəzərə alınmaqla o, sutka ərzində adətən, 10-12 saat, lazım gəldikdə isə 14-16 saat vaxtını o işə sərf edirdi. Buna onun fiziki sağlamlığı, dözümlülüyü və öz yorğunluğunu qısa müddətdə dəf etməyi bacarması da imkan verirdi. O, məhz belə yüksək işgüzarlıq, tələbkarlıq və prinsipiallığın sayəsində belə böyük bir institutun direktoru səviyyəsinə qədər yüksələ bilmişdi. Lakin yumşaq təbiətə və yüksək humanizmə malik olan YUNİS müəllim direktor olanda da cəbri və bürokrat inzibatçı olmadı və ola da bilməzdi, çünki bu onun təbiətinə yad idi.

Geniş diapazona malik bir alim kimi institutun bir çox elmi problemlərinə rəhbərlik etməsinə və onların işində fəal iştirak etməsinə baxmayaraq, YUNİS müəllimin ən doğma problemi karbohidrogenlərin pirolizi prosesi və onun maye məhsullarının emalı məsələsi idi. O, institutda ilk elmi-yaradıcılıq fəaliyyətindən başlayaraq son günədək bu problemə sadiq qaldı. Çoxlu əleyhdarları olduğuna baxmayaraq, öz işgüzarlığı və prinsipiallığı ilə hələ 60-cı illərin axırlarında o, isbat etmişdi ki, neft-kimya və əsas üzvi sintez sənayesinin benzol və digər qiymətli aromatik karbohidrogenlərlə tə`min etməyin ən perspektiv üsulu pirolizin maye məhsullarının yüksək temperaturlu hidrogenli emalı yoludur. YUNİS müəllim, şübhəsiz ki, haqlı idi. Onun rəhbərliyi altında da bilavasitə fəal iştirakı ilə işlənib hazırlanmış benzolun alınması prosesi 80-cı illərin ikinci yarısında keçmiş Sovet İttifaqında iri etilen komplekslərinin nəzdində ilk dəfə olaraq Qorki və Lisiçansk (keçmiş Ukrayna SSR-də) şəhərlərində müvəffəqiyyətlə tətbiq olundu. Bu proses hazırda Rusiya Federasiyasının Salavat, Tomsk, Ufa kimi iri sənaye şəhərlərində və ekoloji baxımdan çox zərərsiz bir proses kimi eləcə də Sumqayıtda tətbiq ediləcəkdir.

YUNİS müəllimin elmi rəhbərliyi altında son 15-20 il ərzində pirolizin maye məhsullarından benzolla yanaşı, naftalin, difenil, ksilollar və digər qiymətli aromatik karbohidrogenlərin  alınması üçün yeni yüksək effektli və perspektiv katalitik sistemlər və texnoloji proseslər də işlənib hazırlanmışdır.

Respublikamızın kimya və neftayırma sənayesi müəssisələrinin problemləri də YUNİS müəllimin həmişə diqqət mərkəzində idi. O, tez-tez bu müəssisələrdə olar, onların problemlərini şəxsən öyrənər və həlli üçün əməli tövsiyələr verərdi. O, vaxtaşırı dövri mətbuatda respublika neft-kimya sənayesində mövcud olan qlobal problemlər haqda sanballı məqalələrlə çıxış edərdi. YUNİS müəllim lazım gələndə respublikanın ən yüksək hakimiyyət dairələrinə də institutun işləyib hazırladığı müasir texnoloji proseslərin doğma respublikamızda tətbiqi məsələləri ilə əlaqədar tutarlı müraciətlər etməkdən yorulmazdı. Qiymətli sintetik yağların istehsalı üzrə respublikanın neft kimyası sahəsində xarici ölkələrlə ilk "Azərtürk" müştərək sənaye müəssisəsinin təməlini məhz YUNİS müəllim qoydu.

YUNİS müəllimin respublikamızın elmi ictimaiyyəti arasında böyük hörməti və özünəməxsus layiqli yeri vardı. o, neft-kimyası alimlərinin ağsaqqallarından biri sayılırdı.

YUNİS müəllim adi həyatda da çox alicənab, olduqca təvəzökar, mehriban, sakit təbiətli, hər kəslə onun "dilində" və səviyyəsində danışmağı bacaran, etdiyi yaxşılıqlardan təmənna gözləməyən, dəbdəbəni sevməyən, gözü-könlü tox, başqalarına həsəd aparmayan, xeyirxah bir insan idi. Onun bəzən ifrat sadəliyi adamı heyran etməyə bilmirdi.

O, qabiliyyətli insanları kimliyindən asılı olmayaraq çox sevərdi, lakin qabiliyyət sözü YUNİS müəllim üçün daha böyük və dərin məvhum idi. Bu, onun üçün hər bir şəxsin daxili aləminə, mənəvi dəyərlərinin toplusuna verilən yekun qiyməti idi. Ona görə də belə qabiliyyətli adamları o, tez-tez xatırlayardı. Onlarla görüşmək isə YUNİS müəllim üçün əsl toy-bayram olardı.

YUNİS müəllim çox səbirli, ehtiyatlı və sülhsevər bir insan idi. Hörmətsizlik və yaltaqlıq onun düşməni idi. O, millətçi deyildi, lakin milli idi və millətinin şərəfini çox uca tuturdu. O, dindar deyildi, lakin islam dininin mənəvi dəyərlərini çox yüksək qiymətləndirirdi.

YUNİS müəllim süniliyi sevməyən təbii bir şəxsiyyət idi və ona məxsus olan bütün bu yüksək mənəvi keyfiyyətlər məhz onun mayasında idi.

Mən bu yazıda 20 ildən yuxarı birgə işlədiyim unudulmaz müəllimim YUNİS QƏMBƏROVUN elmi və həyat fəaliyyəti haqda yalnız bəzi təəssüratlarımı verə bildim. Şübhə yoxdur ki, belə böyük bir istedad sahibinin və Böyük İnsanın daxili aləminin və qabiliyyətinin bütün çalarlarını açıb göstərmək çox çətindir, bəlkə də mümkün deyil.

YUNİS müəllim adi bir insan kimi dünyaya gəldi, adi, lakin çox zəngin, qaynar və mənalı bir ömür sürdü və çox adiliklə də öz dünyasını dəyişdi...

Bəli, ölmədi, məhz dünyasını dəyişdi. Çünki o, xalqının əsl ləyaqətli övladı kimi əbədiyyətə qovuşdu...

Rafiq Mövsümoğlu
Azərbaycan Elmi-Tədqiqat Olefinlər İnstitutunun laboratoriya rəhbəri, texnika elmləri doktoru,  professor


"Yurddaş" qəzeti, 7 oktyabr 1992-ci il