|
Yunus Heydər oğlu Qəmbərov 1926-cı il mart ayının 5-də Füzuli rayonunun
Kürdlər kəndində kəndli ailəsində anadan olub. 1933-43-cü illərdə
orta məktəbdə oxumuş və oranı bitirdikdən sonra 1944-cü ildə Azərbaycan
Dövlət Universitetinin (ADU) kimya fakültəsinə qəbul olunub. 1949-cu
ildə ADU-nu fərqlənmə diplomu ilə bitirib. 1950-52-ci illərdə Azərb. EA
Neft İnstitutunun aspiranturasında oxuyub. 1952-56-cı illərdə "Azxəzərneft"
Birliyinin Antikorroziya xidməti kontorunda istehsalat şöbəsinin rəisi
vəzifəsində işləyib. 1956-58-ci illərdə Azərb. EA Neft İnstitutunda
aspirantura təhsilini başa vurub.
Y.H. Qəmbərov 1959-62-ci illərdə Dövlət Kimya Komitəsinin Bakı Təcrübə
Zavodunun mərkəzi laboratoriyasının müdiri olub. 1962-ci ildə həmin
zavod əsasında Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutu (VNİİOlefin)
yarandıqdan sonra o, "Piroliz" laboratoriyasına müdir təyin edilib.
1973-cü ildə Olefinlər İnstitutunda "Karbohidrogen monomerləri" şöbəsinə
rəhbər, 1976-cı ildə isə elmi işlər üzrə direktor müavini təyin edilib.
1990-cı illərdə həmin institutun direktoru olub.
Y.H. Qəmbərov 1960-cı ildə kimya elmləri namizədi almaq üçün "Neft
fraksiyalarının və bəzi fərdi karbohidrogenlərin termiki parçalanmasının
tədqiqi" mövzununda namizədlik, 1968-ci ildə isə texnika elmləri doktoru
dərəcəsi almaq üçün "Pirolizin səmərələşdirilmiş şəraitində aşağı molekullu
doymamış və aromatik karbohidrogenlərin alınması" mövzusunda doktorluq
dissertasiyası müdafiə edib. 1971-ci ildə professor elmi adına layiq
görülüb. 1980-ci ildə isə Azər. EA-nın müxbir üzvü seçilib. 1991-ci
ildə ölümündən sonra Başkordostan EA-nın həqiqi üzvü seçilib.
Professor Y.H. Qəmbərov neft kimyası və neft-kimya sintezi sahəsində yüksək
erudisiyaya malik
görkəmli alim idi. Onun
əsas elmi tədqiqatları təbii
karbohidrogen xammalının və onların emal məhsullarının yüksək
temperaturda termiki və hidrogen iştirakı ilə çevrilmələrinin
öyrənilməsinə və bu yolla kiçik molekullu olefin və aromatik karbohidrogenlərin alınması üçün yeni yüksək effektivliyə malik
texnoloji proseslərin yaradılmasına aiddir. Onun rəhbərliyi ilə işlənib
hazırlanmış yüksək təmizlikli benzolun alınması prosesi geçmiş Sovet
İttifaqının bir sıra iri neft-kimya komplekslərində tətbiq edilmiş
və eləcə də Sumqayıt EP-300 etilen kompleksində də həyata keçirilir.
Professor Y.H. Qəmbərovun rəhbərliyi altında aparılan elmi-tədqiqat işləri
içərisində olefin və aromatik karbohidrogenlərin alınması üçün müxtəlif
fərdi karbohidrogenlərin və eləcə də pirolizin maye məhsullarının və digər
mənşəli texniki aromatik qatışıqların yüksək temperaturlu termiki
çevrilmələrinin hərtərəfli öyrənilməsi mühüm yer tutur. Onun rəhbərliyi
ilə həmçinin toluoldan və digər fərdi alkilaromatik karbohidrogenlərdən
termiki və katalitik hidrodealkilləşmə yolu ilə benzolun alınması prosesi
işlənib hazırlanıb.
Professor Y.H. Qəmbərovun rəhbərliyi altında aparılmış geniş tədqiqatlar
nəticəsində benzolla yanaşı naftalinin, difenilin və digər qiymətli
aromatik karbohidrogenlərin alınması üçün pirolizin maye məhsullarının
müxtəlif səmərəli kompleks emalı variantları hazırlanıb və sənayeyə
tövsiyə edilib.
Professor Y.H. Qəmbərovun apardığı tədqiqatların nəticələri 6 monoqrafiyada,
220 məqalədə, o cümlədən 40 ixtirada öz əksini tapıb. Onun rəhbərliyi
altında 1 elmlər doktoru, 25 elmlər namizədi hazırlanıb. O, elmi-tədqiqat
işləriylə yanaşı nüfuzlu bir alim kimi elmi-ictimai işlərdə də fəal iştirak
edirdi. Bir sıra elmi-koordinasiya şuralarının və ixtisaslaşmış şuraların
üzvü, Azərbaycan Sovet Ensiklopediyasının və "Azərbaycan Neft
Təsərrüfatı" jurnalının redaksiya heyətinin üzvü olub. Professor Y.H. Qəmbərov sistematik olaraq neft-kimya sintezinə dair
keçirilən Beynəlxalq Simpozium, qurultay və konfranslarda (Leipzig,
Alma-Ata, Moskva, Leninqrad, Bakı) respublika elmini ləyaqətlə təmsil
etmiş və dərin məzmunlu məruzələrlə çıxış etmişdir. O, keçmiş Sovet
İttifaqının Neft-Kimya Sənayesi Nazirliyinin Elmi-Texniki Şurasının
və sosialist ölkələrinin Qarşılıqlı İqtisadi Yardım Şurasının neft-kimya
üzrə daimi işçi qrupunun üzvü kimi 1972-83-cü illərdə bir sıra ölkələrdə
olub: Çexoslovakiya (1972), Polşa, ADR, Macarıstan, Çexoslovakiya (1973),
Bolqariya (1976), Rumıniya (1981), Fransa (1983).
Böyük elmi və elmi-ictimai fəaliyyətinə görə Y.H. Qəmbərov hökumət
tərəfindən yüksək qiymətləndirilib. O, "Qırmızı Əmək Bayrağı",
"Xalqlar Dostluğu" ordenləri və bir sıra medallarla təltif edilib.
Professor Y.H. Qəmbərov 1991-ci ildə sentyabr ayının 7-də qəflətən
vəfat etmişdir.
|