MƏQAM GÖZLƏNTİSİ

İsa Qəmbər Azərbaycan siyasi mühitinin hər an diqqət mərkəzində olan personalarındandı-siyasi prosesləri nisbətən durğun dövrlərində də, gərgin situasiyalarda da. İstər müxalifət düşərgəsi, istər də iqtidar onun siyasi çəkisini permament oaraq duyur, hərəkətlərində həm də bu faktoru nəzərə alırlar. Klan -tayfa maraqlarından çıxış edən iqtidar nümayəndələri ilk növbədə İsa Qəmbəri sıradan çıxarmağa, müxtəlif qruplara parçalanmış müxalifətçilər isə ilk növbədə onun dəstəyini qazanmağa çalışırlar.

Siyasətçi üçün kifayət qədər ciddi uğur sayıla biləcək bu mövqe Müsavat Başqanının dəyişməz siyasi manerasının eyni zamanda həm mübarizəyə, həm də müdafiəyə hesablanmış taktiki gedişlərinin nəticəsi kimi formalaşıb. Müxtəlif zaman kəsiklərində həmin gedişlərin temperamenti müxtəlif olsa da, onunla hesablaşmaq zərurəti və ya onu mümkün həddə qədər "zərərsizləşdirmək" cəhdləri heç vaxt aktuallığını itirməyib. İsa Qəmbəri bir tərəfdən sərt və cəsarətli, o biri tərəfdən səbirli və ehtiyatlı adam kimi səciyyələndirən siyasi ampula hansı xüsusiyyətlərin məcmusudu sualına bizim interpretasiyamızda cavab verməzdən əvvəl hətta əleyhdarlarının da etiraf etdiyi populyar keyfiyyətlərini sadalayaq. O, praqmatikdir - mümkün nəticələr uğrunda mübarizə aparır, xarizmatik liderdir- ətrafdakılar onun rəhbərliyini problemsiz qəbul eləyirlər, cəmiyyətdə ciddi, rəqiblərininin arasında təhlükəli siyasətçi kimi qəbul olunur, iti - çevik düşüncə tərzi, hazırcavablığı və ən kritik situasiyalarda belə müvazinətini itirməməsi ilə seçilir, emosiyalarını nadir hallarda büruzə verir, ən açıq hərəkətləri ən ümumi sözlərlə ifadə etməyi bacarır deyə ona aidiyyatı olan və olmayan bütün konfliktləri özündən uzaqlaşdıra bilir. Müsavatın liderini başqalarından fərqləndirən daha bir xüsusiyyəti siyasi arenanı başına almış ittiham, təhqir və qeybət kampaniyasından kənarda durmasıdır- o, bu səpkili çıxışlara, adətən, üstüörtülü və çoxmənalı eyhamlarla, ən sərt halda isə məhkəmə ərizəsi ilə cavab verir, həmin an adekvat gediş edib özünə haqq qazandırmağa tələsmir. Sakit təbiətli siyasətçi imici də bu mənbədən qaynaqlanır.

Amma bu, ilkin və yanlış təəssüratdır. O, hamıya hər şeyi bağışlayan, münaqişəli situasiyalardan yayınan sadədil romantik deyil. Əksinə, İsa Qəmbər özünə (və ya özünün prinsiplərinə) qarşı çıxanları heç vaxt unutmayan, siyasi proseslərin ümumi fonunda müxtəlif siyasi kombinasiyalar qurub belələrini təhlükəsiz məsafədə neytrallaşdıran və bir də heç vaxt onları lazım olduğundan artıq yaxına buraxmayan, onlara bir də heç vaxt axıracan inanmayan adamdır. 89-90-cı illərdə Etibar Məmmədovun AXC-ni öz iradəsinə tabe eləmək cəhdləri onun partiyadan uzaqlaşması ilə nəticələnəndə də, 95-ci ildə Qurban Məmmədovun Demkonqresin nüfuzuna zərbə vuran ittihamları ADP-nin bu qurumdan uzaqlaşması ilə bitəndə də "səbəbkar" İsa Qəmbər idi. Kritik situasiyalarda onun mübarizəsi (və ya sərtliyi) daha kəskin xarakter alır, siyasi iradəsi (və ya cəsarəti) daha çox üzə çıxır. İyun qiyamının təhlükəli günlərində İsa Qəmbərin qiyamçılara müqaviməti o vaxtadək ancaq məşhur hərəkatçı, liberal demokrat və savadlı spiker kimi tanınan Müsavat başqanını bütün müxalifətin lideri səviyyəsinə qaldırmışdı (Bir-iki buna oxşar qələbə kifayət edirdi ki, o, həmin səviyyədəki yerini saxlasın. Bu barədə bir qədər sonra). AXCP-AMİP sazişi fonunda Müsavat üçün hazırlanmış kritik "yetimlik" həddini İsa Qəmbər elə həmin gün DUBB adlı yeni birlik yaratmaqla uçurdanda da effektli taktika nümayiş etdirmişdi-növbəti dəfə məlum olmuşdu ki, o, siyasi çəkisi kənar iradələrdən asılı olmayan müxalifət lideridir.

İsa Qəmbər qarşıdurmanın nisbətən sivil formalarını - təzyiqləri də müqavimətlə qarşılayır. 95-ci ilin parlament seçkilərində AXCP və Müsavatın seçki bloku məhz bu səbəbdən baş tutmamışdı - seçki siyahısında İsa Qəmbərin birinciliyi ilə razılaşan, amma tək nömrəli yerlərin Müsavata, cüt nömrəlilərin AXCP-yə verilməsi bölgüsü ilə razılaşmayan cəbhəçilər həm ikinci, həm də üçüncü yerlərin onlara verilməsini tələb etmişdilər. Təklənəcəyi halda Müsavatın seçkilərə buraxılmaması təhlükəsi də təzyiqin bu formasını İsa Qəmbərə qəbul etdirə bilməmişdi. Bəzi müşahidəçilərin ifrat praqmatizmin nəticəsi kimi qiymətləndirdiyi həmin olay İsa Qəmbəri daha çox prinsipial razılaşmalara üstünlük verən, başqa sözlə desək, sərfəli - konyuktur yox, düzənlənmiş siyasət yürüdən siyasətçi kimi xarakterizə edir. Vəhdət partiyasının sədri Tahir Kərimlinin ona yönəlik çoxsaylı təzyiq və ittihamları da buna görə nəticəsiz qalır. İsa Qəmbər konyuktur antiregionçuluq ovqatına yoluxmur, öznünün vacib bildiyi prinsiplərlə (bu halda ümumilli maraqlar prisipinə) üstünlük verir.

Qeyd edək ki, prinsipiallığı konkret məqamlarda onun ziyanına işləyir: populist çıxış və bəyanatlardan prinsip olaraq yayınması, mitinqlərdə ehtiraslı nitqlər yapıb əlavə dividentlər yığmasına mane olur; anti - İran ovqatı təbliğ olunan cəmiyyətdə Bakı-Ceyhanın İrandan keçən marşrutunu müdafiə etməsi Rusiya və İrana meyllilik ittihamıyla nəticələnir; Elçibəyə münasibətini ən kritik və ən anlaşılmaz situasiyalarda da dəyişməməsi eks-prezidentə yönəlik bütün ittihamlara onu da ortaq edir. Belə təsəvvür yaranır ki, İsa Qəmbər cəmiyyətin ehtimal olunan yüksəlişini, başqa sözlə desək, həqiqətin nə vaxtsa aşkarlanacağı anı bu günkü reytinqindən üstün tutur və hansısa "iks" anında öznünün labüd qələbəsinə arxayındır deyə, prosesləri zamanın axarına buraxıb. hərçənd Müsavat başqanının vahid namizəd, xalq qurultayı və vahid siyahı barədə təklifləri onun kütlə sindromu barədə hər halda düşündüyünü göstərir- qeyri-populist siyasətin vurduğu zərəri o, cəmiyyətə yeni, dəyərli ideyalar verməklə kompensasiya etməyə çalışır. Onun auditoriyanı güclü məntiq, yerində deyilmiş söz, iti fikir, səmimi ton və yumorla ələ almaq bacarığını da təsirli kompensasiya vasitəsi saymaq olar. Bu tip çıxışlarda İsa Qəmbər, adətən, konsensus meyli də nümayiş etdirir və son anda verdiyi qərarı ortaq rəyin nəticəsi kimi formalaşdırmağı bacarır.

Amma son qərarları çıxarmaqda o bəzən ləngiyir. Proseslərin inkişafını dialektikanın ümidinə buraxması təsəvvürü növbəti dəfə burada yaranır. Son illərdə hadisələrə təsir göstərmək gücündə olan hər bir siyasətçi üçün başqalarından fərqlənmək, irəli çıxmaq, təşəbbüsü ələ almaq imkanı yaranıb, amma İsa Qməbər bu imkandan yararlanmayıb. İyun qiyamı zamanı Elçibəyin faktiki prezidentliyindən və çoxsaylı rəqiblər əhatəsində təklənmək ehtimalından doğan psixoloji baryeri aşa bilmədiyi kimi, o, h.Əliyev hakimiyyəti dönəmində də müxalifətin vahid liderə olan potensial tələbatını hərəkətə gətirmədi, bu tələbatın cəmiyyətin tələbinə (və ya seçiminə) çevriləcəyi anı gözlədi. hərçənd o zaman İ.Qəmbərin daha aktiv fəaliyyətinə onu başqalarından daha çox "sıxışdıran" Əliyevin daha sərt tədbirlərlə cavab verəcəyi də şübhə doğurmurdu, amma özünü- qoruma taktikası böyük siyasi ambisiyaları olan siyasətçiləri kiçik çərçivələrə yığa bilər. Digər tərəfdən böyük ambisiyaların məsuliyyəti də böyükdü - onların daşıyıcıları lazımi siyasi situasiyaları modelləşdirməyi və gerçəkləşdirməyi bacarmalıdırlar. Məsələn, müxalifətin konsolidasiyası o zaman reallaşsaydı, bu birlik heç olmasa, indi rejimin artıq xeyli zəiflədiyi dönəmdə müsbət nəticə verə bilərdi. Amma hələ bu gün də müxalifət düşərgəsi seçkilərə dağınıq və güclü olmayan qüvvə şəklində gedir.

İsa Qəmbər təşəbbüsü niyə ələ almadı? Buna nə mane oldu - özünə, yoxsa silahdaşlarına inamsızlıq? hakimiyyət dönəmində cəbhə xəttinə gedib bölgənin müdafiəsini təşkil edən, qiyam günlərində qiyamçılırla dolu parlamentin qiyam barədə qərar çıxarmasına nail olan, total Əliyev xofu fonunda onun Azərbaycana fəlakətlər gətirəcəyini Əliyevin özünə deməkdən çəkinməyən, müxalifətin bir qüvvə olaraq sıradan çıxmasının qarşısını alan siyasətçinin natamamlıq kompleksindən əziyyət çəkməsi inandırıcı deyil. O halda İsa Qəmbərin siyasi sövdələşmələrin dayanıqlığına inamsızlığından danışmaq olar(bu yerdə yuxarıda söylədiyim özünüqoruma instinkti ilə bağlı məqama bir az aydınlıq gətirməyə ehtiyac duyulur- bu gün onu istənilən üsulla siyasi səhnədən yox etməyə çalışan hakim klanın heç də həmişə siyasi qaydalar çərçivəsində hərəkət etmədiyini nəzərə almağa İ.Qəmbər sadəcə olaraq, məcburdu). Bu, Müsavat başqanının siyasi portretinə əlavə edilə biləsi daha bir ştrixdi: o, ayrı-ayrı qrupların və partiyaların yox, cəmiyyətdəki çoxluğun timsalında zamanın dəstəyindən yararlanmağa üstünlük verir. Başqa sözlə desək, İsa Qəmbər konkret mərhələlərdə mümkün görünən yox, konkret mərhələdə labüd olacaq birincilik uğrunda mübarizə aparır. Düzdü, şəriksiz, həm də səbirli - ehtiyatlı siyasətlə qazandığı uğurlar ona həm qalmaqalsız tərcümeyi-hal, həm də dayanıqlı reytinq qazandırıb, amma yuxarıda dediyimiz kimi, siyasət təkcə mümkün olanı reallaşdırmaq yox, həm də mümkün olmayanı mümkün olana çevirməkdir.

İsa Qəmbərin şəriksiz uğurlar taktikasının real nəticəsi bütün müsavatçıların onu vahid lider kimi qəbul etməsidi- təşkilatda qalmaqallar və parçalanmalar məhz buna görə baş vermir, həm İ.Qəmbərin, həm partiyanın nüfuzu həm də buna görə böyükdür. hərçənd partiyadaxili siyasətində İsa Qəmbərin avtoritarizmindən də danışmaq olar. O, partiyanın rəhbəri, həm də məclisin sədridir. Müsavatçılar bu faktı partiyadaxili demokratiyaya xələl gətirmədiyini, bütün müzakirələrin demokratik şəraitdə keçirildiyini, qərarların ümumi rəyə əsasən çıxarıldığını desələr də, Məclisin sədri postunun bir başqasına verilməsi və daha neçəsinin ona müavin seçilməsi kadrların intellektual potensialından daha səmərəli istifadəyə şərait yaradardı - rəhbərinin liderliyini hamının qəbul etdiyi partiyada belə bölgü çətinki ciddi problemlər doğursun.

Müsavatın qurultayında bu problemin həll olunacağı barədə yayılan informasiyalar göstərir ki, İsa Qəmbər avtoritarizm haqqda iradları doğuran şəraiti aradan qaldırmaq qərarına gəlib.

"Avropa" qəzeti, ALYA, 13-19 may 2000-ci il