Azərbaycan Respublikası Prezidentliyinə namizəd, Müsavat Partiyası Başqanı İsa Qəmbərin seçki platforması
Əziz həmvətənlərim!
Biz çox ağır, gərgin, həm də məsuliyyətli bir dövr yaşayırıq. Bu ilin oktyabr ayının 15-də Azərbaycan Respublikası prezidentliyinə seçkilər günüdür. Azərbaycan vətəndaşları qarşıdan gələn 5 il ərzində ölkəni idarə edəcək ali icra hakimiyyətinin başçısını, yəni prezidenti gizli səsvermə yolu ilə seçməlidir.
1993-cü ildən bu yana hakimiyyəti qiyam yolu ilə qəsb etmiş, sonra isə seçki saxtakarlıqları ilə xalqın iradəsinin ziddinə olaraq mənimsəmiş Heydər Əliyev ailəsi ölkəmizi və vətəndaşlarımızı saysız-hesabsız haqsızlıqlarla, problemlərlə üz-üzə qoymuşdur. Indi Azərbaycan əhalisinin böyük əksəriyyəti yoxsulluğun ən aşağı həddində yaşayır. Verilən əmək haqqı, pensiya və təqaüdlər çörəyə, nəqliyyata, dava-dərmana belə çatışmadığından vətəndaşlarımız usandırıcı və utandırıcı həyat tərzi keçirir. H.Əliyev hakimiyyəti Azərbaycanı azərbaycanlıların böyük çoxluğu üçün yaşamağa ağır, sərfəsiz olan məmləkətə çevirib. Insanlar çıxış yolu tapa bilmədiklərindən intihara əl atır, qanunsuz hərəkətlərə sövq edilir, cinayətlərə və mənəviyyatımıza zidd hərəkətlərə sürüklənir.
Ölkənin enerjili, bacarıqlı, səsvermə hüququna malik insanları bir parça çörək dalınca xaricə, xüsusən Rusiyaya üz tutur, orada müxtəlif çətinliklərlə üzləşir, təzyiqlərə məruz qalırlar. Əvəzində ailələr başçısını itirir, qızlarımız nişanlı yolunu gözləməkdən yorulur, kəndlərimiz boşalır, analar başqa ölkələrdən tabutlarda dönən övladlarının dərdi ilə qocalırlar.
Ölkə iqtisadiyyatı, vətəndaşlarımızın ləyaqət hissi, onların ən zəruri ehtiyaclarını ödəmək arzusu, təmiz və vicdanlı ömür sürmək istəkləri rüşvət və korrupsiyanın hər tərəfə uzanmış caynaqları arasında boğulur. Iri miqyaslı korrupsiya əməliyyatları nəticəsində ölkənin var-dövlətinə sahib çıxan bir qrup yüksək vəzifəli, hakim tayfaya yaxınlığı ilə seçilən məmurlar ağlasığmaz zənginlik içərisində yaşayır, kiçik vəzifəli məmurlara isə yaşamağa rüşvət sistemindən paylarına düşən xırda “faizdən” və tör-töküntüdən başqa heç nə qalmır. Dolayısı ilə onları özlərinin böyük cinayətlərinin girovuna çevirir, namuslu yaşamaq istəyən məmurları gözü kölgəli edirlər.
Bir tərəfdən itirilmiş torpaqların həsrəti, səfalət və şəraitsizlik məngənəsində boğulan qaçqınlarımızın dərdi, digər tərəfdən də ölkənin idarə edilməsində H.Əliyev iqtidarının rəhbər tutduğu tayfabazlıq, yerliçilik, “özümüzünkü” prinsipləri xalqda ümidsizlik, gələcəyə inamsızlıq əhval-ruhiyyəsi törədir.
Azərbaycan qadının siyasi-ictimai, iqtisadi-sosial sahələrdə rolunun artmasına baxmayaraq, onların hüquqları kifayət dərəcədə qorunmur, xüsusilə özəl sahədə çalışanların isitsmarı, yaşlı qadınların əmək hüquqlarının pozulması, gənc qız və qadınların zorakılıq faktları ilə üzləşməsi halları çoxalmaqdadır. Övladlarının sağlam böyüməsi, onların təlim-tərbiyəsində qarşıya çıxan çətinliklərin həllində gənc analar dövlətin qayğısını və köməyini hiss etmir. Qadınlarımızın 70%-dən çoxunun işsizlik problemi ilə üz-üzə qalması onların əksəriyyətini alçaldıcı küçə alveri ilə məşğul olmağa vadar edir.
Təhsilimiz acınacaqlı vəziyyətdədir. Gələcəyimizin təhlükə mənbəyinə çevrilməkdə olan məktəblərimiz, təhsil müəssisələrimiz ölkənin idarə edilməsi üçün ixtisaslı kadrlar, azad düşüncəli, layiqli vətəndaşlar yetişdirmək vəzifəsini həyata keçirmək iqtidarında deyil. Elm adamlarımızın gərgin əməyinin nəticələri, onların ixtira və kəşfləri nə dövləti, nə də sahibkarlıqla məşğul olanları maraqlandırır. Elm və təhsil, səhiyyə və mədəniyyət işçilərinin, idmançılarımızın maddi-sosial durumları onları ölkənin ən yoxsul təbəqəsinə çevirib.
10 ildən artıq bir müddətdə hakimiyyətdə olan H.Əliyev daima ailənin hakimiyyət maraqlarını milli maraqlardan üstün tutub, ziddiyyət yarandığı zamanlarda milli maraqlar həmişə ailə maraqlarına qurban verilib. Bu günə qədər Azərbaycanın nə milli təhlükəsizlik konsepsiyası, nə hərbi doktrinası, nə də xarici siyasət konsepsiyası var. Məhz buna görə də milli maraqlara əsaslanan ardıcıl və məqsədyönlü təhlükəsizlik siyasəti, hərbi və müdafiə siyasəti və ya xarici siyasət həyata keçirmək mümkün olmayıb. Öz qeyri-legitim, korrupsioner rejimini qorumağı başlıca məqsəd hesab edən H.Əliyevin apardığı antimilli xarakterli təslimçilik siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü beynəlxalq təşkilatlarda belə mübahisəli məsələyə çevrilib. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün qəbul etdiyi qətnamələrini “unudan” BMT də bu gün Azərbaycanın ərazi bütövlüyünü diskussiya mövzusuna çevirib.
Ordu quruculuğunda beynəlxalq təcrübəyə əsaslanan, qətiləşmiş bir system hələ də tətbiq edilməmişdir. Ordunun təchizatı, əsgərlərimizin təminatı bir çox hissələrdə bərbad vəziyyətdədir. Rüşvət və korrupsiya halları Müdafiə Nazirliyi strukturlarına da geniş ayaq açmışdır. Ixtisaslı, öz işini bilən, gənc, vətənpərvər zabit kadrların müxtəlif bəhanə və təzyiqlərlə ordu sıralarından, hərbi struktur və təhsil müəssisələrindən uzaqlaşdırılması halları artmaqdadır.
Belə bir vəziyyətdə problemlərlə məşğul olmaq əvəzinə iqtidar bütün gücünü azad fikirli adamları susdurmağa səfərbər edərək daxildə düşmən obrazı yaratmaqla əhalinin diqqətini sosial gərginlikdən yayındırmağa çalışır. Guya cəmiyyət bəlalarının səbəbi nə rüşvətxorluqdur, nə də bütün iqtisadiyyatın H.Əliyev ailəsinin və yaxınlarının əlində olmasıdır. Guya Heydər Əliyev, İlham Əliyev, Cəlal Əliyev, Aqil Əliyev, Kəmaləddin Heydərov, Bəylər Əyyubov və başqalarının gətirdiyi bəlalara səbəb şəxsi ləyaqət və demokratiya uğrunda çarpışan bizlərik.
Son 10 ildə ölkə adamlarda ikrah doğuran televiziya və polislə idarə olunur. Əslində ölkədə bütün normal dünyada olan yönəldici idarəçilik yoxdur, əzici idarəçilik var. Beləcə Azərbaycan hamımız üçün yaşamağa sərfəli olmayan yerə çevrilib. Millət insan kimi yaşamaq arzusunda sevimli Azərbaycanımızdan ümidini kəsib, o biri ölkələrə gözlərini dikib.
Əgər rüşvət və korrupsiya, yerliçilik, tayfabazlıq, klan prinsipləri ilə kadr təyinatlarına geniş meydan verilməsə, islahatlar yolu seçilərək hökumətin parlament qarşısında müntəzəm hesabatı qoyulsa idi, iqtisadiyyatda belə hərc-mərclik yaranmaz, zəngin sərvəti, həm də bacarığı olan Azərbaycan xalqı layiq olmadığı dilənçi vəziyətinə düşməzdi. O zaman Azərbaycan hamımız üçün yaşamağa sərfəli məmləkət olardı.
Əziz həmvətənlərim!
Başqanı olduğum Müsavat Partiyası, vahid namizədi seçildiyim “Bizim Azərbaycan” Bloku Azərbaycan xalqının və dövlətinin gərgin dövrünü yaşadığını nəzərə alaraq mövcud olan problemlərdən çıxış yollarını bildiyini və onların həlli üçün özündə güc və bacarıq tapdığını əsas götürərək 2003-cü il oktyabrın 15-də keçiriləcək president seçkilərində iştirak etmək və qələbə çalmaq əzmi ilə mənim namizədliyimi irəli sürmüşdür. Bu gün Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda demokratların birliyinə və prezident seçkilərində vahid namizədlə iştirak etməsinə dair xoş niyyətli çağırışlar eşidilməkdədir. Xeyli əvvəl vahid namizəd ideyasını irəli sürmüş və onun reallaşması üçün mexanizm (ilkin seçki) təklif etmiş bir siyasətçi kimi bu gün də həmin ideyanı müdafiə edirəm. Bununla bərabər irəli sürdüyümüz prinsip və ideyalar qarşımızda duran problemlərin həlli üçün, Azərbaycanın demokratik elektoratının çox vacib olan birliyinin ideya-siyasi əsaslarını təşkil edə bilər. Bu prinsip və ideyalar əsrin əvvəllərində Müsavat Partiyasının (1911) yaradıcısı M.Ə.Rəsulzadə tərəfindən irəli sürülmüş, 1992-ci ildən bu partiyanın fəaliyyətini Azərbaycanda bərpa etmiş müsavatçılar, alimlər və siyasətşünaslar tərəfindən inkişaf etdirilmiş, “Bizim Azərbaycan” Bloku tərəfindən dəstəklənmişdir. Məhz müsavatçılıq ideyalarından çıxış edərək bir daha bəyan edirəm ki, biz yalnız bir partiyanın maraqlarını deyil, ümummilli maraqları əsas götürürük. Əminliklə bildirirəm ki, məhz Müsavat ideyaları Azərbaycan vətəndaşlarının milli və dini fərqlərini nəzərə almadan onları birləşdirə bilər. Məhz Müsavat ideyaları bizə imkan verir ki:
Bir sözlə, bu zülmə salınmış ölkəni ucaldaq, hamımız üçün yaşamağa sərfəli məmləkətə çevirək! Elə bir məmləkətə ki, gənclərimiz onunla öyünsünlər, Avropaya, Amerikaya aşağıdan yuxarı baxmasınlar. Elə bir məmləkətə ki, Azərbaycan insanı işləmək, yaşamaq, alçaldılmamaq, söz demək haqlarının, bütün azadlıqlarının burada qorunduğunu yüz dəfə, min dəfə görüb rahatlansın, öyünsün.
Əziz həmvətənlərim!
Əgər məni özünüzə layiq bilib prezident olaraq seçsəniz, o zaman 5 il ərzində:
1. Cəmiyyətdə vətəndaş sülhünə nail olunacaq, keşmişdə buraxılan səhvlərə görə siyasi təqiblər olmayacaq, geniş amnistiya haqqında qərar qəbul olunacaq, həbsdə olan minlərlə vətəndaş öz ailəsinə qovuşacaq, həbsxanalarda, islah əmək düşərgələrində mövcud sərt rejim yumşaldılacaq.
2. Vətəndaşa, qanuna və dövlətə hörmət həyat tərzi olacaq. Cəzasız cinayətlərə və hərbi-polis rejiminə son qoyulacaq. Məhkəmələrin müstəqilliyi və qanun qarşısında hamının bərabərliyi təmin ediləcək. Əhalinin dövlətə inamı və etibarı bərpa ediləcək.
3. Əhalinin əmanətləri və digər banklarda batmış pulları yaxın müddətdə vətəndaşların özünə qaytarılacaq.
4. Bələdiyyələrin icra hakimiyyətlərindən asılılığı aradan qaldırılacaq, onların səlahiyyətləri genişləndiriləcək, bələdiyyələr vasitəsilə xalqın özünüidarə hüququ təsbit ediləcək.
5. Ölkədə sosial sülh və partnyorluq, cəmiyyətdə sabitliyə təminat verən dayanıqlı iqtisadi təməl yaradılacaq, əhalinin rifah səviyyəsi və keyfiyyəti yüksəldiləcək, kütləvi yoxsulluq və işsizlik qısa zamanda ləğv ediləcək, maaşlar dəfələrlə artırılacaq.
6. Ciddi və əhatəli iqtisadi islahatlar keçiriləcək, müasir və səmərəli dövlət iqtisadi idarəetmə sistemi qurulacaq, idarəçiliyə təcrübəli, hazırlıqlı və vətənpərvər mütəxəssis kadrlar cəlb ediləcək.
7. İqtisadi siyasətin əsas istiqamətləri kimi milli sahibkarlığın inkişafına real şərait yaradılacaq, onlara əlverişli kredit veriləcək, ölkə iqtisadiyyatının xarici investorlar üçün cəlbediciliyi artırılacaq, mülkiyyətin toxunulmazlığı təmin ediləcək, iqtisadiyyatımız və sahibkarlarımız beynəlxalq inteqrasiya münasibətlərində əlverişli mövqelər qazanacaqlar.
8. Makroiqtisadi sabitliyin təminatı üçün gerçək, uzunmüddətli və əhatəli baza formalaşdırılacaq, beynəlxalq maliyyə qurumları ilə daha intensiv və əlverişli əlaqələr həyata keçiriləcək, bu siyasətin nəticəsində büdcə vəsaitlərinin istifadəsində səmərəlilik və şəffaflıq təmin ediləcək, dövlət büdcəsinin imkanları dəfələrlə artırılacaq.
9. Korrupsiya və rüşvətxorluqla ciddi mübarizə aparılacaq, qanunsuz gəlirlər, himayəçilik və inhisarçılıq sistemi ləğv ediləcək, bu sahədə beynəlxalq təcrübəyə uyğun olaraq ən mütərəqqi qayda və qanunların əsasında iqtisadi sağlamlaşdırma həyata keçiriləcək.
10. Milli sənayemizin, Azərbaycan kəndinin dirçəlişi proqramları həyata keçiriləcək, yerli istehsal dövlət tərəfindən dəstəklənəcək. Sahibkarların və müəssisələrin vergi yükü azaldılacaq.
11. Neft ehtiyatlarımızın istifadəsi sahəsində şəffaflıq və ictimai nəzarət təmin ediləcək, neft oğurluğuna son qoyulacaq, əldə edilən vəsaitlər ölkənin və vətəndaşların ən strateji ehtiyaclarına yönəldiləcək.
12. Azərbaycanın regionlarının inkişaf proqramları həyata keçiriləcək, regionlarda çoxlu sayda iş yerləri açılacaq, enerji, qaz, su problemləri qısa zamanda həll ediləcək.
13. Gənclər siyasəti dövlətin ən vacib fəaliyyət istiqamətlərindən biri olacaq, gənclərin oxuması, işləməsi, mənzil təminatı və hərtərəfli inkişafı üçün geniş şərait yaradılacaq.
14. Minimal əmək haqqı və ardınca bütün maaşlar və təqaüdlər, pensiyalar Milli Məclisin elə ilk yığıncaqlarında seçki gününə qədər olan səviyyəyə nisbətən azı üç dəfə artırılacaq. Minimum əmək haqqının ehtiyac zənbili səviyyəsinə çatdırılması barədə hökumətə tapşırıq veriləcək.
15. Sahibkarlığın sürətli inkişafı üçün iqtisadi fəaliyyəti tənzimləyən bütün mövcud qanunvericilik aktları, normativ sənədlər sadələşdirmə və səmərəli həddə gətirlmə məqsədilə yenidən nəzərdən keçiriləcək. Hər bir iş adamı bürokratiya, korrupsiya və inzibati təzyiqlərdən qanunla qorunacaq. Kiçik sahibkarlıq üzrə xüsusi dövlət proqramı qəbul ediləcək.
16. Bu iqtisadi islahatlar nəticəsində Qarabağ işğalçı və separatistlərdən azad olunacaq, ölkənin ərazi bütövlüyü, dövlətimizin unitarlığı və suverenliyi təmin ediləcək.
17. Konstitusiya və BMT-nin İnsan Haqları Bəyannaməsinə zidd olan, Azərbaycan vətəndaşlarının şəxsi və siyasi hüquqlarını məhdudlaşdıran bütün qanunvericilik aktları ləğv olunacaq.
18. Milli və dini azlıqların hüquqları qanunla qorunacaq, ölkədəki az saylı xalqların dilinin və mədəniyyətinin inkişafı üçün dövlət təminatı genişləndiriləcək.
19. Azərbaycan xalqının birliyini möhkəmləndirmək məqsədi ilə tayfabazlığa, qohumbazlığa qarşı dərhal amansız mübarizə elan olunacaq.
20. Televiziya ali icra hakimiyyətinin alqışlanmasına yox, xalqın doğru və vaxtında məlumat almaq haqqının ödənilməsinə yönəldiləcək. Televiziya və digər kütləvi informasiya vasitələrində bütün siyasi qüvvələrə vaxt və imkan veriləcək. Müstəqil telekanalların meydana gəlməsi üçün imkanlar yaradılacaq, mətbuata qayğı artacaq, söz, din və özünüifadə azadlığı qorunacaq.
21. Qadınlar dövlətin idarə edilməsinə geniş şəkildə cəlb olunacaq. Çoxuşaqlı analar orta əməkhaqqı məbləğində müavinət alacaq. Işləmək arzusunda olan qadınlar üçün xalçaçılıq, quşçuluq, toxuculuq üzrə fabrik və sexlər yaradılacaq, qadın əməyinin istismarına, onların hüquqlarının pozulmasına qarşı ən ciddi cəza tədbirləri görüləcək.
22. Səhiyyə, maarif, təhsil, elm və mədəniyyət adamlarına diqqət artırılacaq, onların maddi və texniki təminatı ilə bağlı ən qısa zamanda dövlət proqramı qəbul ediləcək.
23. Ordumuz xalqımızın iftixarına, torpaqlarımızın bütövlüyünün və sərhədlərimizin toxunulmazlığının təminatçısına çevriləcək.
24. Azərbaycanın milli maraqlarını əsas götürən milli təhlükəsizlik konsepsiyası, hərbi doktrinası və xarici siyasət konsepsiyası qəbul olunacaq. İnkişaf və rifah yoluna qədəm qoyan, preventiv (önləyici) müdafiə siyasəti aparan və bütün sahələrdə milli maraqlarını qoruyan ölkəmiz qlobal və inkişaf meyllərini də nəzərə almaqla ardıcıl, aktiv xarici siyasət aparacaq və beynəlxalq münasibətlər sistemində öz layiqli yerini alacaq.
Mən beş il ərzində bu taleyüklü addımların atılmasının o qədər də asan olmayacağını aydın şəkildə dərk edirəm. Mən bilirəm ki, bu addımları məğlubiyyətə məhkum olan hakimiyyət vəd olaraq Sizlərə daha gur səslə deyə bilər. Onlar həkimiyyətdə olduqları on il ərzində hər il Sizlərə saysız-hesabsız vədlər veriblər. Amma bu günə qədər onlara əməl etməyiblər.
Biz yalançı vədlərlə Sizləri aldadan, sizin səsinizlə hakimiyyətə gəlib sonra Sizləri unudanlardan deyilik. Biz sözümüzün arxasında dayanmağı bacaran, əhdimizə sadiq, doğru-dürüst insanlarıq. Biz bütün XX əsr boyu Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda mübarizə aparan, hər cür məhrumiyyətlərə hazır olan, bu yolda on minlərlə şəhidlər verənlərin azadlığa məhkum varisləriyik. Cəmiyyətimizin, dövlətimizin bütün problemli sahələri üzrə müvafiq konsepsiyalarımız, proqramlarımız, qanun layihələrimiz və onları həyata keçirməyə qadir olan kadrlarımız var. Mənə səs versəniz prezident kimi 5 illik fəaliyyət dövrümdə yuxarıda söylədiklərimi reallaşdırmaq üçün aşağıdakı proqramları həyata keçirəcəm:
1. “Rüşvətxorluğa
və korrupsiyaya qarşı mübarizə”
Proqram rüşvətxorluq və korrupsiyanı yaradan amilə və yaşadan motivlərə qarşı
mübarizə üsullarını əks etdirir.
2. “Sosial
reabilitasiya və inkişaf”
proqram H.Əliyev rejimindən maddi və mənəvi ziyan çəkənlərin reabilitasiyasını,
sosial təminatların və təsisatların təşkilini, qaçqın və köçkünlərin sosial
şəraitinin yaxşılaşdırılmasını əhatə edir.
3. “İqtisadi
inkişaf”
Proqram yeni dövləti idarəetmə sisteminin qurulması, iqtisadi – sosial dirçəliş
sahəsində təxirəsalınmaz tədbirlərin icrasını və dayanıqlı inkişaf üçün bazanın
yaradılmasını əks etdirir.
4. “Milli
aqrar inkişaf”
Proqramda Azərbaycan kəndinin və kənd təsərrüfatı istehsalının dirçəlişi və
inkişafı, kənd təsərrüfatı xammalı əsasında yerli sənayenin inkişafı, yerli
ərzaq məhsullarının ixrac imkanlarının genişləndirilməsi istiqamətləri əksini
tapır.
5. “Ekoloji
mühitin saflaşdırılması”
Proqram təbii ehtiyatlardan istifadənin, təbiətin və ekologiyanın qorunma
problemlərinin həlli yollarını göstərir.
6. “Beynəlxalq
inteqrasiya və demokratik inkişaf”
Proqram dövlətlərarası münasibətlər və beynəlxalq əlaqələr konsepsiyalarını
əhatə edir. Demokratik təsisatları və təminatları əks etdirir.
7. “Vətənsevərlik
dəyərlərinin inkişafı”
Proqram elm və təhsil, incəsənət və mədəniyyət, idman və səhiyyə, din
problemlərinin həlli istiqamətlərini müəyyən edir.
8. “Qarabağ
probleminin həlli – “Uğur paketi””
Proqram ordu quruculuğu, vətənpərvərlik ruhunun tərbiyəsini, Qarabağın alınması
və bərpa problemlərinin həlli yollarını əks etdirir.
Bu proqramların icrası nəticəsində hər bir Azərbaycan vətəndaşı Azərbaycanda doğulduğuna və Azərbaycanda yaşadığına görə fərəh və qürur hissi duyacaq. Azərbaycana xidmət fərəhimizdir, bu fərəhdən qiymətli heç nəyimiz yoxdur.
Əziz seçicilər!
İndiki iqtidar Azərbaycanımızı orta əsrlərə qaytarmaq, ölkəmizdə sülalə hakimiyyəti, Əliyevlər ağalığı yaratmaqla sübut etmək istəyir ki, Azərbaycan xalqı iradəsiz, öz taleyinə sahib çıxmağı bacarmayan bir kütlədir. Biz hamımız birlikdə bu seçkilərdə sübut etməliyik ki, Azərbaycan xalqı dünyanın aparıcı millətləri kimi taleyini özü həll edə bilir, hakimiyyətini də özü seçir. O, daha beş il də səfalətə, haqsızlığa, aclığa, əxlaqsızlığa dözməyəcək.
Əziz seçicilər!
Ümid edirəm ki, Sizlər Şərqin ilk Demokratik Respublikasının yaradıcısı olmuş, bütün fəaliyyətini Azərbaycanımızın tərəqqisi və rifahına yönəltmiş, azadlığımız və müstəqilliyimiz yolunda minlərlə şəhid vermiş bir partiyanın prinsip və ideallarını olduğu kimi dəyərləndirəcək, onları reallaşdırmaq şansını mənə verəcəksiniz. Sizi əmin edirəm ki, “Bizim Azərbaycan” sizin, onların, bizim Azərbaycan olacaq. Seçim Sizlərindir. Peyğəmbərimiz demişkən: “Seçdiklərinizə layiqsiniz”. Siz məni seçsəniz, layiqli insanların seçiminə layiq olmaq fəaliyyətimin mənasını təşkil edəcək. Bu seçimdə Tanrı köməyimiz olsun!
2003-cü il