Kitabı "Yeni Müsavat" qəzeti redaksiyası (tel: 4-48-23-82) və Müsavat Partiyasının qərargahından (tel: 4-47-43-75) əldə eləmək olar. Qiyməti 10 min manatdır.

Ön söz

Rauf Arifoğlunun ikinci məhbəs kitabı qarşımızdadı...

2003-cü il oktyabrın 15-də xalqın öz iradəsi ilə etdiyi halal seçimi onun əlindən alındı, toplumun özünə olan inamına daha bir ciddi zərbə vuruldu, seçkilərin saxtalaşdırılması yolu ilə qeyri-qanuni hakimiyyət formalaşdırıldı. Bu böyük cinayətdən dərhal sonra oktyabrın 16-da həmin saxta hakimiyyət etiraza qalxan xalqa qarşı hərbi güc işlədərək, faktiki xunta idarəçiliyini bərqərar etdi. Minlərlə fədakar insanlar müxalifət nümayəndəsi olan və olmayan, bitərəf vətəndaşlar həbs edildi, Müsavat Partiyasının üzvü Həmidağa Zahidov cinayətkar qüvvənin polisləri tərəfindən qətlə yetirildi, demokratiya uğrunda şəhid verdik. 1000-dən çox insan həbs edildi, kütləvi şəkildə işgəncələrə məruz qaldı.

İndi – seçkidən xeyli müddət ötəndən sonra həmin insanlardan yeddisinin məhkəmə prosesi gedir. Hakimiyyət həminki saxta hakimiyyətdir, sifariş verən də, onu yerinə yetirən də öz yerində...

Rauf bəy Azərbaycan Cəmiyyətinin tanınmış isimlərindən biri olaraq, cəsarətli qələmi, kəsərli sözü, vətənpərvər mövqeyi ilə mübarizənin önündə gedən bir şəxsdir. Onun bu kitabda toplanmış, seçkidən sonrakı müddət ərzində ölkə mətbuatında dərc edilmiş yazılarında və müsahibələrində də bu mövqeyi aydın görmək mümkündür. Bəzən hətta öz dostlarını, əqidə yoldaşlarını da tənqid etməkdən çəkinməyən, prinsipial yanaşma tərzi seçən Rauf Arifoğlu, indi də məhbəs masasında da, məhkəmədə dizinin üstündə də yazır. Azərbaycan dövlətinə və millətimizə daha böyük faydalar vermək, ölkəmizdə demokratiyanı və söz azadlığını inkişaf etdirmək üçün əlindən gələni əsirgəmədən fədakarlıq göstərir.

Azərbaycan uğrunda, onun demokratik, güclü, varlı, azad və halal bir ölkə olması uğrunda mübarizəmiz davam edir. Bu mübarizəni hazırda dostlarımızın bir qismi azadlıqda, başqa hissəsi isə təəssüf ki, həbsxanada davam etdirməkdəyik. Ona da əminik ki, dar günün ömrü az olacaq. Rauf bəy, onun məhbəs yoldaşları, seçki saxtakarlığına etiraz edən bütün fədakar insanlarımız və ümumiyyətlə, haqsız yerə həbsdə yatan vətəndaşlarımız azadlığa qovuşacaqlar. Bu, bizim arzumuz və inamımızdır. Mübarizəni birgə davam etdirəcəyik.

Rauf yazır. 16 ildir ki, yazır. Mən onu tanıyandan hər gün yazır. Başqaları qələbə günlərində eyforiyaya qapılanda da, məğlubiyyət günlərində özlərinə qapılanda da Rauf yazır. Hər gün yazır, günün işığında və qaranlığında zamanı yazır, tarixi yazır.

Biz Azərbaycan xalqının XXI əsas tarixini yaradacağıq və yazacağıq.

Hələliksə “Demokratiya məhbəsdə“dir. Biz mübarizəni seçmişik, azadlığa doğru...

İsa Qəmbər, Müsavat Partiyasının Başqanı


BİR PARTİYAYA BƏRABƏR DEMOKRAT TRİBUN

Bəlkə də Rauf bəylə şəxsi münasibətlərimin qısa tarixçəsi ilə tanış olan hörmətli oxucu mənim imzamı bu kitabın ön sözünün altında görəndə təəccüblənəcək. Amma mən düşdüyümüz çətin sınaqdan üzü ağ çıxan bir insan kimi, bir jurnalist kimi Rauf bəyin kitabına ön söz yazmağı özümə fəxr bilirəm və bu sözlərin səmimiliyinə hörmətli oxucunun inanacağına ümid edirəm. Azərbaycanda bəzən çox fəal, geniş ətrafı olan, hamının susduğu vaxt haqsızlığın üzərinə gedən partiyaların görə bilmədikləri və ya görmək istəmədikləri işləri təklikdə görməyə cəhd edən insanlar haqqında haqlı olaraq belə bir ifadə var: “O, özü təklikdə bir partiyadır.” Doğrudan da təklikdə minlərin gördüyündən artıq iş görən insana bundan dəqiq tərif vermək mümkün deyil. Rauf bəy məhz belə insanlardandır.

Rauf bəyi bəzən siyasətçilərin buraxdığı boşluqda, tərk edilmiş mübarizə səngərində görənlər onu siyasətçi adlandırır. Ona görə ki, Rauf bəy çağdaş Azərbaycan jurnalistikasının döyüşən bir avanqardı olduğundan bəzən sahibsiz qalmış döyüş bayrağını yerdən götürüb başı üzərinə qaldırmaqdan da çəkinmir.

Mən etiraf edim ki, Rauf bəyi sevməmişəm və bizim münasibətlər hətta dəfələrlə məhkəmələrdə aydınlaşıb. Amma obrazlı desəm, mənim “düşmənimi” dostuma çevirdiyinə görə 16 oktyabr hadisələrinə və Bayıl həbsxanasının qaranlıq, qışda soyducu kimi donduran, yayda təndir kimi səhərə qədər adamı qarsan, dörd divar, dəmir qapı arxasında və barmaqlıqlar arasından süzülən günəşə həsrət qaldığımız 37-ci illərdən bu yana minlərlə insanın güllələndiyi və bu gün də ruhları ilə yuxularımızda həmsöhbət olduğumuz günahlı-günahsız insanların ölüm hökmünün icra olunduğu 5 nömrəli ölüm korpusuna minnətdaram.

Deyirlər qalibləri mühakimə etmirlər. Amma bu demokratiyanın zəifliyidir ki, bəzən qalibləri də mühakimə edirlər. Biz - 15 oktyabr 2003-cü il prezident seçkilərində namizədliyini müdafiə etdiyimiz İsa Qəmbərin qələbəsini təmin etməkdə xüsusi fəallıq etmiş liderlərdən bir qrupu - Pənah Hüseyn, Arif Hacılı, İbrahim İbrahimli, İqbal Ağazadə, Etimad Əsədov məhz beşikdə olan Azərbaycan demokratiyası şəraitində ittiham olunmuşuq və indi də mühakimə olunuruq. Bizimlə yanaşı, Azərbaycanda tayfa rejiminə qarşı, demokratiya uğrunda milli məfkurənin formalaşmasında müstəsna xidmətləri olan tribun jurnalist - “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da yazıb yarada-yarada məhbus həyatına məhkum edilib. O burada da bir jurnalistlik missiyasına sadiq qalaraq, yazıb, yaradıb və sözün həqiqi mənasında ikiqat qəhrəmanlıq göstərib.  

Rauf bəyin yazılarında ən mühüm keyfiyyət inandırıcı, çağırışçı mübarizə əhval-ruhiyyəsinin aparıcı olmasıdır. Seçkilərin saxtalaşdırıldığı, tərəfdarlarımızın repressiyalara uğradığı, əqidə dostlarımızın çoxunun mühacirət etdiyi, məmləkətdə olanların hələ 15-16 oktyabr şokundan çıxmadığı günlərdə, 18.X.2003-cü ildə Rauf bəy yazır: “Bu seçkilərin nəticələri Əliyevlər sülaləsinin hakimiyyətini bitirdi". Əlbəttə, məcazi şəkildə deyilsə də dərin qatlarında ciddi bir həqiqətdən xəbər verir Rauf bəy. Bəli, 15-16 oktyabr hadisələri Heydər Əliyev siyasətinin sonuncu maskasını da cırdı və dünya azərbaycanlıların Əliyev “sevgisi” ilə, Stalinsayağı sabitliklə də, Hitlersayağı demokratiya ilə də yaxından tanış ola bildi. Bu, Əliyevçilərin üzərində bizim mövcud şərtlər daxilində əldə etdiyimiz birinci, amma sonuncu olmayan uğurumuz idi. Rauf bəy sonuncu uğur naminə 5 nömrəli ölüm korpusundan Azərbaycanın başı üzərini almış qaranlıqda işıq kimi yanan bu günə, sabaha və daha uzağa ümid verən, inam yaradan yazıları ilə çalışmaqdadır.

Tarixi şüur. Milli şüur. Tarixi yaddaş. Necə deyilməsindən asılı olmayaraq, tarixi hadisələr arasında əlaqə tapmaq və baş verənlərin mahiyyəti daha dəqiq bilmək bacarığı Rauf bəydə çox güclüdür.

Rauf bəy haqlı olaraq milli qüvvələrə qarşı kin-küdurət qarışıq düşmənçilik siyasətini belə izah edir: “100 illik savaşın və uduzmuş, tarixin zibiliyinə atılmış kommunizm ideologiyasının heyfini bizdən çıxmaq istəyənlərə nə ad vermək olar – qisasçı.” Əslində bəşər tarixi Xeyirlə Şərin, işıqla qaranlığın, haqla nahaqqın, yadla doğmanın, dostla-düşmənin münasibətlərinin aydınlaşdığı bir səhnədir. Bu səhnədə qisas da var, intiqam da. Reaksion qüvvələrin bu gün hakimiyyətdə olan nümayəndələrinə, indikindən on il cavan, dəfələrlə təcrübəsiz vaxtımızda onlara sıraları 17 milyon olanda qalib gəlmişik. Bu gün onlar yalnız öz tayfa tör-töküntülərinə istinad edərək revanş edirlər. Amma gecdir. Gənc Azərbaycan dövləti, təcrübəsiz olsa da, demokratiyamız var və bunu Azərbaycan xalqına bizlər vermişik. Bu sırada Rauf bəy də var və bu gün də o bu mübarizədə ona həvalə olunmuş “döyüş nöqtəsində” keşik çəkir.

Şəxsiyyətin gücü hamının ruhdan düşdüyü, döyüş silahını yerə qoyub təslim olmaq istədiyi an üzə çıxır. Rauf bəy “Yeni Müsavat”a verdiyi müsahibədə öz şəxsiyyətinin gücünü ortaya qoyaraq “bundan sonra nə etməliyik” sualına cavab verir. Hələ Rauf bəyi qabaqda gözləyən uzun müddətli repressiya təhlükəsi ola-ola.

Çox vaxt adamlar soruşur: Rauf bəy jurnalistdirsə, nə üçün onu həbs ediblər? Siyasətçidirsə, niyə özünü jurnalist kimi təqdim edir? Tribun jurnalistlərinin tarixi bu sualın nə qədər yersiz olduğunu sübut etmirmi? Hitler deyirdi ki, Moskvanı tutan kimi birinci Levitanı asacağam. Levitan bir jurnalist idi.

Rauf bəyin gücü, qabiliyyəti və istedadı onu siyasətçilərdən önə qoyub, düşmən hədəfinə çevirib. Ona görə də 15-16 oktyabr hadisələrindən əvvəl xalqı hakimiyyətin dəyişdirilməsinin zəruriliyinə inandıran, insanları məhz İsa Qəmbərə səs verməyə çağıran Rauf bəy olduğuna görə, bu qələbəmizə görə ən birinci mükafatı bizdən ummağa haqqı olduğu kimi, düşmənin birinci hədəfi olacağını da bilməmiş deyildi. Hətta çox vaxt Müsavat Partiyasının uğurlarında Rauf bəyin rolunu o qədər aydın hiss edirlər ki, onu İsa Qəmbərə qarşı qoymağa belə cəhd edirlər. Rauf bəy belələrinə çox sərrast cavab verir: “mən nə kiminsə rəhbərliyi altında nazir işləməyi mümkün saymıram, nə də İsa bəydən başqa kiminsə rəhbərliyi altında partiya funksioneri olmağı.” Öz yerində oturana kimsə irad tutmaz. Rauf öz müvəffəqiyyətlərindən düzgün dərs çıxarmağı bacarır və bu bacarığı ona hörmət gətirir.

Həbsxana. Adı özündən çox-çox qorxulu olan bir yer. Azərbaycanda həbsxana ilə qorxudulan bütöv bir nəsil yetişdirmişdilər. Bu yolla bütöv bir millətin əsarətini əbədiləşdirməyə çalışmışdılar.

Amma Rauf bəy öz əqidəsi yolunda həbsxanaya düşməyi özünə şərəf bilir və hələ 23.X.2003-cü il tarixdə, həbsindən bir qədər əvvəl “Yeni Müsavat”da yazır: “Bəlkə də müxalifətçilər həbsxanaya (Bandotdeldən) aparılmış olacaq və qəzetimizdə yazılanlardan xəbər tuta biləcəklər. Mən özümü yalnız onların qarşısında günahkar sayıram ki, həbs olunmamışam.” Hətta Rauf bəy işgəncədən yaxa qurtarmaq üçün həbsdə olan öz müxalifətçi dostlarının onun əleyhinə ifadə vermələrini belə xahiş edir. Artıq bu mənəviyyat məsələsidir və insaniyyətlikdir. Amma özü həbsxanaya düşəndən sonra başqalarına “çalışın, tutulmayın” ismarıcını göndərir.

Rauf bəy bir jurnalist kimi azadlıqda və ya məhbəsdə öz sözünü öz dəst-xəttinə sadiq qalaraq “ağa ağ, qaraya qara deməklə çatdıra bilir. İqtidarın dar düşüncəli, sovet tərbiyəsi görmüş məmurları liderləri həbsxanaya atmaqla sanki onlar üzərində böyük bir qələbə qazandıqlarını, onları udduqlarını düşündükləri bir vaxtda Rauf bəy yenə də onların nəşəsinə zəhər qataraq yazır: ”Artıq mənə uduzmaq variantı qalmayıb."

Rauf bəy sözü ilə, sözü ilə bacarmayanda, ruhu ilə, ruhu ilə bacarmayanda onsuz da xəstə olan bədəni ilə mübarizə aparır. Bayılda siyasi məhbusların aclıq aksiyasına qoşulan Rauf bəy bu mübarizədə də öndə getdiyini nümayiş etdirdi.

Mən məhkəmə iclasında da dedim və bu gün bu yazımda da təsdiq edirəm ki, 16 oktyabr hadisələrini bəhanə edib Rauf bəyi hətta fiziki cəhətdən məhv etməkdən belə çəkinməyəcək qədər ona nifrət edən iqtidar yenə də Rauf bəyin çox ciddi və ağıllı hərəkətləri nəticəsində ondan qisas ala bilmədi: “ÖZÜNÜ YAXŞI QORUMAYANIN HÜCUMUNDAN QƏLƏBƏ MÜJDƏSİ GƏLMƏZ” - deyə düşünürəm. Rauf kimi adamla qələbə üçün hücuma gedənlər müdafiə olunmağı da elə hücuma getdikləri kimi müvəffəqiyyətlə bacarırlar. Rauf siyasi sözün sənətkarıdır. O ən kiçik hadisədən belə güclü siyasi təhlil yazmağı bacaran sənətkardır. Bəli, Rauf öz sahəsinin sənətkarıdır və mən şahidiyəm ki, o bununla yaşayır və bununla da fəxr edir. Onun buna haqqı var.

Rauf pafos ustasıdır. Təkcə yazdığı məqalələrinə seçdiyi başlıqlar kifayətdir ki, xalqı hərəkətə gətirsin. Baxın, “Məqam”, “Cəzalı vətən”, Azərbaycan təslim olmayıb", “Canına qıyanlar Azərbaycana qıyanlara qarşı”, “80365 saylı icazə” və s.

Rauf həm də bədii təfəkkürə malik, dilimizin incəliklərini bilən və bununla siyasi leksikonumuzu bəzəyən, siyasəti xalqa yaxınlaşdıran bir jurnalistdir. Bizdə çoxları jurnalisti reportyor kimi qəbul edir və jurnalist fəaliyyət sahəsinə daha dar rakursdan baxmağa cəhd edir. Belələri üçün Rauf jurnalist deyil, o, bir siyasətçi, yazıçı, təhlilçi, ideoloqdur. Ancaq bütün bu keyfiyyətlər bir yerdə olanda yaxşı peşəkar jurnalist olmaq olar. Ona görə də Rauf bəy Azərbaycanın çağdaş dövrünün nadir peşəkar jurnalistlərindəndir.

Deyirlər ki, bir çox ölkələrdə hakimlər məhbusa ölüm hökmü verəndə bunu qələmlərini sındırmaqla bildirirlər. Elə jurnalistin də qələmini sındırmaq ona ölüm hökmü oxumaq kimi bir şeydir. İqtidar Raufdan çox onun qələmini həbs etmək istəyərdi, amma bunu bacara bilmədi. Dünən yalnız Azərbaycan müxalifətinin müdafiə edənləri bu gün dünya müdafiə edir. Bunda Rauf bəyin də müstəsna xidmətlər var. Rauf həbsdə olsa da qələminin azadlığını qoruya bilib və bu günə bu qələm öz sözünü əvvəlki tək cəsarətlə deməkdədir. Sözü həbs edən istəyənlər necə axmaqlar etdiklərinin fərqində deyillər. Xüsusən öz sözünün sahibi olan Rauf bəy kimi söz sahiblərini.

Raufun sözü kəsərlidir. Rəqibin ən yaralı yerinə dəyir və dərhal da reaksiya doğurur. Təəssüf ki, Rauf bəy kimi bacarıqlı jurnalistlərimiz azdır. Artıq vaxtdır ki, Rauf məktəbinin yetirmələri mübarizəyə qoşulsun. Rauf siyasi qazana yaxın olduğundan, orada nə bişdiyindən yaxşı xəbərdardır. Hətta bəzən onun duzuna, istiotuna da əl gəzdirməyi bacarır. Bu da təsadüfü deyil. Axı Rauf siyasətdən jurnalistikaya gəlib və bu yönü tərsinə gedənlərdən, jurnalistikadan siyasətə gələnlərdən çox-çox böyük nüfuz qazanıb və bir daha sübut edib ki, istedad üçün sərhəd yoxdur.

Biz məhkəmədə müdafiəni təşkil etməklə, haqqımızı bir daha rəqiblərimizə qapdırmamağa, ən azı 16 oktyabr həqiqətini xalqımıza və dünya ictimaiyyətinə çatdırmağa çalışdığımız anlarda Rauf qələminə sarılıb ağ kağız üzərində yeni şedevrlərini – “Məhkəmə qeydlərini” yazır. Və bu yazılar işıq üzü görəndən sonra Rauf bəyin necə həssaslıqla işin mahiyyətinə nüfuz etmə qabiliyyətinə malik olduğunun bir daha şahidi olursan.

O məhkəmə zalında, özünün məhkəmə prosesində də jurnalist kimi çalışır. Bizim onunla birgə məhkəmə prosesimizdən “Ardı gələn nömrədə” olacağı bəlli olan seriyalarını, kiçik həcmli, amma böyük mənalı  qeydlərini aparır. Bəli Rauf ekstremal situasiyalarda da jurnalist olaraq qalır. Bu da onun öz sənətinə ən böyük sədaqətidir. Çox güman ki, Bayıl məcaraları hələ çox-çox cild kitabın mövzusuna çevriləcək və hələ Rauf bəyin çox-çox kitablarını oxuyacağıq. Amma mənim üçün oxuyub başa çatdırdığım və oxumağıma çox şad olduğum bir kitab var. O da məhbus jurnalist, demokratik hərəkatımızın tribunu, söz ustası Rauf Arifoğlunun özüdür.

Sərdar CƏLALOĞLU,
ADP-nin baş katibi