Uğur Paketi
Ermənistanın Azərbaycana təcavüzünün
nəticələrinin aradan qaldırılması üçün Müsavat Partiyasının təkliflər paketi
Uğur paketinin başlıca məqsədi Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi və işğal edilmiş
torpaqları üzərində suverenliyinin bərpa olunmasıdır.
Qarşıya qoyulan əsas ümumi vəzifə isə Azərbaycanın bütün daxili potensialını
səfərbər edib yenidən təşkil etmək yolu ilə onun milli təhlükəsizliyinin
təmin olunması və beynəlxalq birlikdə öz layiqli yerini tutmasıdır.
Qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün Azərbaycan bir-birini
tamamlayan sistemli, ardıcıl, məqsədyönlü daxili və xarici siyasət aparmalı,
aşağıda göstərilən tədbirləri görməlidir.
Xarici siyasət
Azərbaycanın dinamik inkişafda olan beynəlxalq münasibətlər sistemində öz
layiqli yerini tutması, Ermənistanın təcavüzkar dövlət kimi tanınması,
beynəlxalq hüquq normalarına uyğun olaraq ona qarşı sanksiyaların tətbiq
olunması və işğal altında olan torpaqların dinc, danışıqlar yolu ilə azad
olunması xarici siyasət sahəsində qarşıda duran əsas vəzifələr olmalıdır.
Bu vəzifələri yerinə yetirmək üçün
Azərbaycan:
- vaxt itirmədən dinc, demokratik
və bölünməz Avropaya inteqrasiya strategiyasını ardıcıl olaraq inkişaf
etdirməli;
- NATO-ya üzvlük üçün rəsmən müraciət etməli, AB-yə inteqrasiya
prosesini sürətləndirilməli;
- potensial strateji müttəfiqi olan ABŞ-la ikitərəfli münasibətləri yeni
səviyyədə qurmağa nail olmalı;
- təbii müttəfiqi olan qardaş Türkiyə ilə strateji tərəfdaşlığına real
məzmun verməli, ikitərəfli münasibətlər potensialını müttəfiqliyə doğru
sürətlə inkişaf etdirmək üçün onunla birgə komissiya yaratmalı və birgə
strateji inkişaf proqramı işləyib hazırlamalı;
- İsraillə ikitərəfli münasibətləri sıx inkişaf etdirməli və strateji
tərəfdaşlığa nail olmalı;
- GUAM çərçivəsində çoxtərəfli, Azərbaycan-Gürcüstan-Türkiyə,
Azərbaycan-Gürcüstan-Ukrayna formatlarında isə üçtərəfli əməkdaşlığı
davamlı olaraq inkişaf etdirməklə yanaşı Gürcüstanla ikitərəfli
münasibətləri gerçək strateji tərəfdaşlıq əsasında qurmalı və inkişaf
etdirməli;
- Rusuya ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı ikitərəfli qonşuluq
münasibətlərini inkişaf etdirməklə bərabər balanslaşdırıcı əks-təsir
mexanizmləri də işləyib hazırlamalı və zərurət yarandıqda istifadə
etməli;
- İranla ikitərəfli münasibətlərin pozitiv istiqamətdə, milli
maraqlarımıza uyğun inkişafını təmin etmək üçün xüsusi proqram işləyib
hazırlamalı,eyni zamanda onun demokratikləşməsi və liberallaşması üçün
beynəlxalq birliyin göstərdiyi bütün səyləri dəstəkləməli;
- öz ətrafında əlverişli beynəlxalq şərait yaratmaqla, beynəlxalq aləmdə
nüfuzunu artırmaqla eyni zamanda Ermənistanın təcavüzkar dövlət kimi
tanınması istiqamətində ardıcıl, məqsədyönlü, inadkar siyasət aparmalı,
konfliktin beynəlxalq hüquq normalarına və BMT-nin qəbul etdiyi
qətnamələrə(№ 822, 853, 874 və 884) uyğun həllinə nail olmalı;
- konfliktə və onun həllinə, eyni zamanda danışıqlar prosesinin
konsepsiyasına yanaşmanın dəyişməsinə nail olmalı, yanaşma «təcavüz
nəticəsində yaranmış reallıqlar» əsasında deyil, beynəlxalq hüquq
normaları və prinsipləri əsasında olmalı, danışıqlar prosesini Minsk
qrupunun mandatına uyğun olaraq(öncə işğal altındakı torpaqlar azad
edilməli, sonra Dağlıq Qarabağın statusu müzakirə olunmalıdır) aparmalı;
- danışıqlar prosesində Ermənistanın hərbi-siyasi müttəfiqi olan və
konfliktin arxasında duran Rusiyanın birtərəfli, üstün iştirakının milli
maraqlarına cavab vermədiyini nəzərə almalı, üçtərəfli
ABŞ-Rusiya-Türkiyə vasitəçiliyinin bərpasına və ya ABŞ, Böyük Britaniya,
AFR, Fransa, Türkiyə və Rusiyanın daxil olduğu, beynəlxalq birlikdə söz
sahibi olan ölkələrdən ibarət kontakt qrupunun yaradılmasına nail
olmalı;
- Gürcüstan böhranının həllində aktiv rol oynayan və böhrandan sonra
yaranmış yeni şəraitdə C.Qafqazda aktiv xarici siyasət aparan AB-nin və
Qara dəniz hövzəsində aktivləşən NATO-nun konfliktin həllində birbaşa
iştirakına çalışmalı;
- Ermənistan-Azərbaycan münaqişəsi üzrə beynəlxalq hərbi tribunalın
yaradılması, yandırılmış torpaq və etnik təmizləmə siyasəti aparan hərbi
cinayətkarların məsuliyyətə cəlb olunması üçün ardıcıl olaraq aktiv
siyasi-diplomatik iş aparmalı;
- dünyanın aparıcı dövlətlərində, ilk növbədə ABŞ, AB və Rusiyada
effektiv lobbi fəaliyyətinin təşkili üçün xüsusi proqram işləyib
hazırlamalı, bu ölkələrdə nüfuz sahibi olan lobbilərin təsir və
imkanlarından səmərəli istifadə etməyə çalışmalı, azərbaycan və türk
diasporalarının da potensialından maksimum istifadə etməklə işğal
olunmuş ərazilərin azad olunması üçün beynəlxalq aləmdə xüsusi kampaniya
başlatmalıdır.
Konflikt beynəlxalq hüquq normaları və prinsipləri, Azərbaycan
Respublikasının Konstitutsiyası əsasında dinc, danışıqlar yolu ilə həll
edilməli və danışıqlar prosesində başlıca prinsiplər:
- dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi və
sərhədlərinin toxunulmazlığına hörmət;
- milli, etnik azlıqların hüquqlarının qorunması(mədəni muxtariyyat,
yerli özünüidarə və iqtisadi sərbəstlik);
- və beynəlxalq öhdəliklərlə möhkəmləndirilən təhlükəsizlik təminatı
olmalıdır.
Eyni zamanda etnik təmizləmə siyasəti
nəticəsində öz tarixi vətənlərini tərk etməyə məcbur olmuş azərbaycanlılar
Ermənistana qaytarılmalı, beynəlxalq hüquq normaları və prinsipləri əsasında
onların da statusları müəyyən olunmalıdır.
İqtisadi siyasət
Azərbaycan iqtisadiyyatının inkişafı və gücləndirilməsi üçün:
- neftdən asılı olan ölkə
iqtisadiyyatının hərtərəfli, balanslı inkişafını təmin edəcək İqtisadi
İnkişaf Proqramı (Müsavat Partiyasının belə bir proqramı vardır) qəbul
edilməli;
- iqtisadi inkişafa və bütün ölkə əhalisinin maraqlarına cavab verə
biləcək özəlləşdirmə aparılmalı və başa çatdırılmalı;
- iqtisadi inkişafı, eyni zamanda xarici investisiyaların cəlb
olunmasını stimullaşdıran və ölkə əhalisinin sosial-iqtisadi maraqlarını
nəzərə alan vergi siyasəti aparılmalı;
- dövlət kiçik və orta biznesin inkişafına yardım göstərməli;
- xarici kapitalın ölkəyə davamlı olaraq artan axınını təmin etmək üçün
siyasi, hüquqi və iqtisadi bazanın yaradılmasını nəzərdə tutan dövlət
proqramı qəbul olunmalı;
- işsizliyin aradan qaldırılması və əmək qabiliyyətli(eyni zamanda döyüş
qabiliyyətli) ölkə əhalisinin vətənə dönüşü üçün iş yerlərinin
açılmasını nəzərdə tutan dövlət proqramı işlənib hazırlanmalı;
- milli təhlükəsizliyi təhdid həddinə çatmış rüşvətxorluq və
korrupsiyaya qarşı sərt mübarizə aparılmalı(Müsavat Partiyasının bu
sahədə proqramı vardır);
- mərkəzində bir ailənin durduğu klanın iqtisadi inhisarına son
qoyulmalı;
- ölkənin coğrafi mövqeyi, enerji ehtiyatları və nəqliyyat imkanlarından
iqtisadiyyatın inkişafı üçün, eyni zamanda xarici və regional siyasətdə
səmərəli istifadə olunmalı;
- effektiv büdcə siyasəti aparılmalı, ölkənin maliyyə ehtiyatları
artırılmalı və səmərəli idarə olunmalıdır.
Müdafiə və təhlükəsizlik siyasəti
Azərbaycanın müdafiə və hərbi potensialını artırmaq, hərbi
təhlükəsizliyini təmin etmək üçün:
- siyasi, iqtisadi sahələrlə yanaşı
hərbi sahədə də gerçək demokratik islahatlar aparılmalı(ayrıca proqram
işlənib hazırlanmalıdır);
- Yeni Avropa təhlükəsizlik sisteminə tam inteqrasiya prosesi
sürətləndirilməli;
- NATO ilə imzalanan ikinci Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı(İPAP)
zamanında tam olaraq yerinə yetirilməli və alyansla siyasi dialoq
başlanmalı;
- mümkün olan ən qısa müddətdə ölkəmizin MAP-ə (NATO-ya üzvlük üçün
hazırlıq planı) qoşulmasına nail olunmalı;
- təhlükəsizlik problemlərinin, o cümlədən Ermənistanın təcavüzü
nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması məsələsinin NATO
ilə birgə müzakirəsi üçün Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində
mövcud olan 28+1 formatında məsləhətləşmələr mexanizmindən səmərəli
istifadə olunmalı;
- müdafiə və hərbi planlaşdırma siyasəti sahəsində NATO ilə birgə
məsləhətləşmələr aparılmalı;
- artmaqda olan maliyyə ehtiyatlarından səmərəli istifadə etməklə NATO
standartlarına uyğun yüksək döyüş qabiliyyətli modern ordu qurulmalı;
- ordu quruculuğu sahəsində elitar hissələrdən başlamaqla peşəkar orduya
keçilməli;
- «preventiv müdafiə» siyasəti aparılmalı, danışıqlar prosesində haqlı
mövqeyi açıq hərbi üstünlüklə də möhkəmləndirilməli;
- ölkədə milli birlik, milli məsələlərdə siyasi konsensus əldə olunmalı
və milli vətənpərvərlik ruhu gücləndirilməlidir.
Daxili siyasət
Azərbaycanda daxili siyasi sabitliyin və milli birlik üçün əlverişli
zəminin yaranması, eyni zamanda onun beynəlxalq nüfuzunun güclənməsi, avropa
və avroatlantik institutlara inteqrasiyasının sürətlənməsi üçün siyasi
sahədə də demokratik islahatların aparılması və ilk növbədə:
- cəmiyyətdə siyasi plüralizm,
demokratiya və insan haqları, qanunun aliliyi və hüququn üstünlüyü, azad
bazar iqtisadiyyatı və sosial ədalət prinsiplərinin təmin olunması;
- hakimiyyətin xalqın iradəsilə, dinc yolla dəyişilməsini və seçkilərin
demokratikliyini təmin edən hüquqi bazanın yaradılması(qanunlar
paketinin qəbulu);
- beynəlxalq standartlara cavab verən azad və ədalətli seçkilərin
keçirilməsi;
- demokratiya və insan haqlarına hörmət;
- visdan məhbusları və siyasi dustaqların dərhal azad olunması;
- müvəqqəti saxlama və cəzaçəkmə yerlərində fiziki, mənəvi-psixoloji
təsir və təzyiqlərə, ən başlıcası isə işgəncələrə son qoyulması;
- söz və mətbuat azadlığının təmin olunması, müstəqil KİV-lərə
təzyiqlərin aradan qaldırılması və onların inkişafı üçün dövlət
tərəfindən güzəştli şəraitin yaradılması;
- vətəndaşların sərbəst toplaşma hüququnun təmin olunması;
- hüquqi dövlət quruculuğu üçün demokratik hüquqi islahatların (o
cümlədən hüquq-mühafizə orqanlarında) aparılması;
- müstəqil məhkəmə sisteminin yaradılması;
- mülkiyyət hüququnun qorunması;
- qaçqın və məcburi köçgünlərin mövcud statusları saxlanılmaqla onların
siyasi, mülki və humanitar hüquqlarının dövlət tərəfindən tam təmin
olunması vacibdir.
Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ictimai və beynəlxalq
nəzarətin artırılması, problemə və onun həllinə AŞPA, Avropa Parlamenti,
NATO PA kimi nüfuzlu beynəlxalq və regional qurumlarda, eyni zamanda
xarici ölkələrin milli parlamentlətində diqqətincəlb olunması baxımından
Milli Məclisdə gec də olsa müvafiq komissiya yaradılmalıdır.
Azərbaycanın mövcud potensialının
(siyasi-diplomatik, iqtisadi, enerji, nəqliyyat, maliyyə, hərbi və s.)
inkişafı və qarşıya qoyulan başlıca məqsədə tam nail olunması üçün Uğur
Paketində irəli sürülən təkliflərin reallaşdırılması ilə bərabər milli
strateji inkişaf proqramı da işlənib hazırlanmalı və həyata keçirilməlidir.
Müsavat Partiyası Məclisinin 08 noyabr 2008-ci il
tarixli iclasında qəbul edilmişdir.
(Sənədin ilk variantı ictimaiyyətə 4 oktyabr 1999-cu ildə təqdim edilmişdi).